Üç güləşçimiz üçün bürünc medal şansı
Oktyabr 17, 2026
ABŞ-nin Las Veqas şəhərində güləş üzrə U23 dünya çempionatı davam edir.
Beşinci yarış günündə sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da mübarizəyə start verilib.
Ceyhun Allahverdiyev (61 kq) 1/8 finalda türkiyəli Tolqa Özbəyə xalların keyfiyyətinə görə (7:7), Ağanəzər Novruzov (74 kq) isə təsnifat mərhələsində hindistanlı Adarş Patilə 6:8 hesabıyla məğlub olaraq mübarizəni dayandırıblar.
Səbuhi Əmiraslanov (86 kq) startda qırğızıstanlı Visxan Adayevi 8:3 hesabıyla üstələsə də, 1/8 finalda rusiyalı Arsen Balayana uduzub – 1:9. Rəqib finala yüksəldiyi üçün Əmiraslanov təsəlliverici görüşdə gürcüstanlı Tornike Samxaradzeylə güləşəcək.
Anar Cəfərli (92 kq) 1/8 finalda rusiyalı Arslan Baqayevlə bacarmayıb – 0:10. Rəqib finaladək irəlilədiyi üçün Anar təsəlliverici görüşdə ermənistanlı Muşeğ Mkrtçyanla üz-üzə gələcək.
Xetaq Karsanov (125 kq) dünya çempionatına inamlı start verib. Milli üzvü yaponiyalı Toyoki Hamada (10:0) və hindistanlı Ronak Ronaka (12:1) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında iranlı Abolfazl Necad keçilməz olub – 0:5. Karsanov sabah bürünc medal uğrunda görüşə çıxacaq. Xetaqın rəqibi Volodimir Koçanov (Ukrayna) – Andrey Bestayev (Rusiya) qarşılaşmasının qalibi olacaq.


