Yunan-Roma güləşində ən çox diyirlətmə, qoldan, sinədən, başdan və əks istiqamətə atma fəndlərindən istifadə edilir. Klassik güləşdə yalnız qurşaqdan yuxarı tutaraq fəndlərin icrasına icazə verilir. İdmançılar yalnız beldən yuxarı hissəyə toxuna bilər. Hücum edərkən və müdafiə olunarkən rəqibin ayağına təmas etmək qadağandır. Bu növdə fiziki güc böyük önəm kəsb edir.
Güləşin bu növündə görüş hər hissəsi 3 dəqiqə olmaqla, ümumilikdə 6 dəqiqədən ibarətdir. Yalnız yeniyetmələrdə (U17, U15) qarşılaşmanın vaxtı 4 dəqiqəni (hər hissə 2 dəqiqə) əhatə edir. Yunan-Roma güləşində rəqibin kürəyini yerə sıxmaqla (tuş) və ya 8 xallıq fərqlə üstünlük əldə etməklə görüşü vaxtından əvvəl qələbəylə başa vurmaq mümkündür. Məhsuldar hərəkətlər (fəndlər) 1, 2, 4 və ya 5 xalla qiymətləndirilir.
Yunan-Roma güləşi üzrə yarışlar 10 çəki kateqoriyası üzrə keçirilir. Bunlardan 6-sı (60 kq, 67 kq, 77 kq, 87 kq, 97 kq, 130 kq) olimpiya, 4-ü (55 kq, 63 kq, 72 kq, 82 kq) isə qeyri-olimpiya çəkisidir.