Qadın güləşi

Qadın güləşi

Qadınların güləşlə məşğul olmasına qədim dövrlərdə təsadüf edilsə də (mədəni və folklor motivlərində rast gəlinir), bu fəaliyyət uzun müddət rəsmi idman kimi qəbul edilməyib. Qadınların güləşlə məşğul olması bir çox ölkələrdə sosial və mədəni qadağalar səbəbindən uzun müddət məhdud olub.

Müasir idmanda gender bərabərliyi prinsipləri böyük önəm daşıyır. Məhz bu prinsiplər əldə əsas tutularaq XX  sonlarına doğru sərbəst güəş qaydalarına uyğun formada qadın güləşi təsis edildi. 80-ci illərdə bəzi ölkələrdə (xüsusən Yaponiya, ABŞ, Kanada və Skandinaviya ölkələri) qeyri-rəsmi yarışlar şəklində yayılmağa başladı. Güləşin bu növündə ilk dünya çempionatı 1987-ci ildə Norveçdə keçirildi. Bu, qadın güləşinin beynəlxalq səviyyədə tanınmasında mühüm addım idi. Bir il sonra Fransada qadınlar arasında ilk Avropa çempionatı baş tutdu. Bu növdə ilk Dünya Kuboku da Fransada keçirildi. 2001-ci ildə təşkil edilən bu yarış qadın güləşinin dünya üzrə yayılmasını və inkişafını daha da sürətləndirdi.

Bu güləş növü 2004-cü ildən Olimpiya Oyunlarının proqramında yer alır. Afina, Pekin və London Olimpiadasında qadın güləşi üzrə 4 çəkidə mübarizə baş tutdu. Daha sonra Beynəlxalq Olimpiya Komitəsi gender bərabərliyi prinsipini əldə əsas tutaraq hər 3 güləş növünün Olimpiya Oyunlarında eyni sayda – 6 çəkidə təmsil olunması haqqında qərar qəbul etdi.

Güləşin bu növündə görüş hər hissəsi 3 dəqiq olmaqla, ümumilikdə 6 dəqiqədən ibarətdir. Yalnız yeniyetmələrdə (U17, U15) qarşılaşmanın vaxtı 4 dəqiqəni (hər hissə 2 dəqiqə) əhatə edir. Qadın güləşində rəqibin kürəyini yerə sıxmaqla (tuş) və ya 10 xallıq fərqlə üstünlük əldə etməklə görüşü vaxtından əvvəl qələbəylə başa vurmaq mümkündür. Məhsuldar hərəkətlər (fəndlər) 1, 2, 4 və ya 5 xalla qiymətləndirilir. Görüşün sonunda xallar bərabər olarsa, əvvəlcə xalların keyfiyyəti nəzərə alınır. Bu baxımdan da bərabərlik olarsa, sonuncu xal prinsipinə əsasən qalib müəyyənləşir.

Qadın güləşi üzrə yarışlar 10 çəki kateqoriyası üzrə keçirilir. Bunlardan 6-sı (50 kq, 53 kq, 57 kq, 62 kq, 68 kq, 76 kq) olimpiya, 4-ü (55 kq, 59 kq, 65 kq, 72 kq) isə qeyri-olimpiya çəkisidir.

Azərbaycan da bu sahədə inkişaf edən ölkələr sırasındadır. 2007-ci ildən etibarən ölkəmizdə bu güləş növünə diqqət artdı. İlk uğurlar dünya qadın güləşinin əfsanəsi Mariya Stadnikin adıyla bağlıdır. Azərbaycanın Olimpiya Oyunlarında ən çox medal qazanan (4) və iştirak edən (5) Stadnik 2 qat dünya və 10 qat Avropa çempionu kimi adını idman tariximizə qızıl hərflərlə yazdırdı. Onun açdığı cığırla Sona Əhmədli, Yuliya Ratkeviç, Nataliya Sinişin, Elis Manolova, Alyona Kolesnik, Jalə Əliyeva və başqaları uğurla irəlilədi. Artıq ölkəmizdə qadın güləşi üzrə ölkə birincilikləri keçirilir və bu növdə kütləvilik sürətlə artır. Beynəlxalq arenalarda qazanılan uğurlar Azərbaycanda qadın güləşinin böyük potensialı olduğunu göstərir.