Sərbəst güləş

Sərbəst güləş

Mündəricat

Sərbəst güləşin tarixi

Ölkəmizdə də məşhur olan və sevilən güləşin bu növü milli güləşə bənzəyir. Sərbəst güləş İngiltərənin Lankaşir vilayətində yaradılıb. Daha sonra peşəkar idman növü kimi Amerika Birləşmiş Ştatlarında yayılıb və tədricən bütün dünyada məşhurlaşıb.

Sərbəst güləşdə bədənin həm yuxarı, həm də aşağı ətraflarından (əllərdən və ayaqlardan) tutmaqla fəndlər icra edilir. Bu səbəbdən yunan-Roma güləşi ilə müqayisədə daha dinamikdir. Güləşin bu növündə dəyirman, badalaq, qoldan və başdan atma fəndləri məşhurdur.

Sərbəst güləş üzrə ilk Avropa çempionatı 1929-cu ildə, ilk dünya çempionatı isə 1951-ci ildə keçirilib. 1904-cü ildən güləşin bu növü Olimpiadanın proqramında yer alıb.

Qaydaları

Güləşin bu növündə görüş hər hissəsi 3 dəqiq olmaqla, ümumilikdə 6 dəqiqədən ibarətdir. Yalnız yeniyetmələrdə (U17, U15) qarşılaşmanın vaxtı 4 dəqiqəni (hər hissə 2 dəqiqə) əhatə edir. Sərbəst güləşdə rəqibin kürəyini yerə sıxmaqla (tuş) və ya 10 xallıq fərqlə üstünlük əldə etməklə görüşü vaxtından əvvəl qələbəylə başa vurmaq mümkündür. Məhsuldar hərəkətlər (fəndlər) 1, 2, 4 və ya 5 xalla qiymətləndirilir.

Sərbəst güləş üzrə yarışlar 10 çəki kateqoriyası üzrə keçirilir. Bunlardan 6-sı (57 kq, 65 kq, 74 kq, 86 kq, 97 kq, 125 kq) olimpiya, 4-ü (61 kq, 70 kq, 79 kq, 92 kq) isə qeyri-olimpiya çəkisidir.

İnkişaf yolu

Azərbaycanda sərbəst güləşin yaranması və inkişafı ölkənin idman tarixində önəmli mərhələlərdən biri olmuşdur. Bu idman növü Azərbaycanda ilk dəfə XX əsrin əvvəllərində yayılmağa başlamış və zamanla peşəkar səviyyəyə çatmışdır. 

İlk güləş yarışları 1920-ci illərdə Bakı və Gəncə kimi böyük şəhərlərdə keçirilmişdir. Həmin illərdə Bakıdakı idman klublarında (“Dinamo”, “Neftçi”) sərbəst güləş dərsləri keçirilirdi. Bu dövrdə güləş xalq arasında milli idman ənənəsi kimi qəbul edilirdi və “köçəri güləş” və ya “xalq güləşi” kimi tanınırdı. 

1930-1950-ci illərdə güləş məktəbləri və idman cəmiyyətləri yaradıldı. SSRİ-nin ümumittifaq yarışlarında azərbaycanlı güləşçilər iştirak etməyə başladılar. 

1960-1990-cı illərdə Azərbaycan sərbəst güləş məktəbi formalaşdı. SSRİ yığma komandasında çıxış edən azərbaycanlı güləşçilər bir çox uğurlar qazandılar. Azərbaycanda məşqçilər hazırlığı sistemli şəkildə quruldu və yeni nəsil güləşçilər yetişməyə başladı. Güləş yarışları artıq rayon və kəndlərdə də keçirilməyə başlanmışdı. 

İdman tariximizin ilk olimpiya medalçısı Rəşid Məmmədbəyov, eləcə də ilk dünya və Avropa çempionumuz Aydın İbrahimovun beynəlxalq arenada qazandığı uğurlar Azərbaycan sərbəst güləşini yeni inkişaf mərhələsinə daşıdı və bu istiqamətdə cığır açdı. Daha sonra Rafiq Hacıyev, Telman Paşayev, Xəzər İsayev, Rəhim Novruzov, Aslan Ağayev, Həsrət Məmmədyarov və başqaları bu məktəbin uğurlu davamçıları oldular.

İz qoyan güləşçilər

Müstəqillik dövründə ölkəmizdə sərbəst güləş daha da kütləviləşdi və yeni inkişaf mərhələsinə qədəm qoydu. Güləş növləri arasında ən çox olimpiya çempionumuz məhz bu növdədir. Namiq Abdullayev (Sidney-2000), Toğrul Əsgərov və Şərif Şərifov (London-2012) Olimpiadalarda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onlarla yanaşı, Arif Abdullayev, Hacı Əliyev, Xetaq Qazyumov, Cəbrayıl Həsənov sərbəst güləşimizin ən parlaq simaları sayılır.