Ruzanna Məmmədova Avropa çempionatının finalında
İyul 9, 2026
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.
Yarışın 4-cü günündə 3 qadın güləşçimiz mübarizəyə qoşulub.
Esra Məmmədli (53 kq) rumıniyalı Elektra Qaryakunu minimal fərqlə (9:8) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda almaniyalı Fiona Qasserlə bacarmayıb – 0:10.
Ruzanna Məmmədova (62 kq) rusiyalı Yekaterina Radışeva (4:0), ispaniyalı Qrasiela Asama (8:2) və macarıstanlı Barbara Baqerə (tuş) qalib gələrək finala yüksəlib. Ruzanna həlledici görüşdə türkiyəli Özdenur Özmezlə qarşılaşacaq.
Yarışa 1/4 finaldan qoşulan Zəhra Kərimzadə (72 kq) rusiyalı Əminə Musayevanı “tuş”la üstələyərək yarımfinala yüksəlib. Zəhra yarımfinalda litvalı Qreta Tverskiteyə 2:3 hesabıyla məğlub olub. Kərimzadə bürünc medal uğrunda türkiyəli İlayda Çinlə güləşəcək.