Daha üç güləşçimiz U23 Avropa çempionatının finalında

Daha üç güləşçimiz U23 Avropa çempionatının finalında

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U23 Avropa çempionatı davam edir.

Bu gün sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da finalçılar müəyyənləşib.

Ceyhun Allahverdiyev (61 kq) debütdə albaniyalı Endrio Avdyliyə heç bir şans tanımayıb – 10:0. Həmyerlimiz türkiyəli (U23) Avropa ikincisi Tolqa Özbəkə isə 6:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ceyhun yarımfinalda Şimali Makedoniya təmsilçisi Bəşir Aliliylə qarşılaşıb və 6:4 hesablı qələbəylə adını finala yazdırıb. Allahverdiyev həlledici görüşdə ermənistanlı Levik Mikayelyanla üz-üzə gələcək.

Ağanəzər Novruzov (74 kq) startda çətinliklə üzləşib və moldovalı İon Markunu sonuncu xal prinsipinə əsasən (1:1) üstələyib. Güləşçimiz 1/4 finalda daha inamlı təsir bağışlayaraq, italiyalı Raul Kasonu 5:0 hesablı qələbəylə yolundan kənarlaşdırıb. Ağanəzər yarımfinalda isə almaniyalı Manuel Vaqindən güclü olub – 4:2. Novruzov finalda rusiyalı İsmayıl Xaniyevlə qarşılaşacaq.

Arseniy Djioyev (86 kq) əvvəlcə ermənistanlı Razmik Yepremyanı vaxtından əvvəl xalçadan məyus yola salıb – 10:0. Təmsilçimiz moldovalı Yevgeni Mihalkeana 6:4 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Arseniy final yolunda bolqarıstanlı Radomir Stoyanovla üz-üzə gəlib və “tuş”la sevinən tərəf olub. Djioyev finalda fransalı Raxim Maqamadovla qızıl medal uğrunda mübarizə aparacaq.

Sadiq Mustafazadə (92 kq) Şimali Makedoniya təmsilçisi Recep Haydariyə 9:4, albaniyalı Albin Pepoşiyə isə tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. Sadiq finalın bir addımlığında rusiyalı Muxamed-Taxir Xaniyevlə bacarmayıb – 1:12. Mustafazadə bürünc medal uğrunda Sandro Kuraşvili (Gürcüstan) – Filip Şuki (Polşa) görüşünün qalibiylə güləşəcək.

Yusif Dursunov (125 kq) 1/4 finalda bolqarıstanlı Georgi İvanova 0:4 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz sabah təsəlliverici görüşdə rusiyalı Artyom Puxovskiylə qarşılaşacaq.

//