İbrahim Həsənov Avropa çempionatının finalında
May 16, 2026
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatı davam edir.
Altıncı yarış günündə sərbəst güləş üzrə 45, 51, 60, 71 və 92 kq-da finalçılar müəyyənləşib.
Tunar Həsənov (45 kq) gürcüstanlı Mkrtiç Canamyanı (3:2) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda ukraynalı Marko Kvasniuka (0:2) məğlub olub. Tunar sabah bürünc medal uğrunda türkiyəli Buğra Eldemirlə güləşəcək.
İbrahim Həsənov (51 kq) ukraynalı Boqdan Kazakov (10:0), rusiyalı Xalid Sonqurbekov (12:0) və belaruslu Yanis Şapartauya (10:0) tam üstünlüklə qalib gələrək finala yüksəlib. İbrahim həlledici görüşdə türkiyəli Muhammed Gölhayla üz-üzə gələcək.
Vahid Məmmədov (60 kq) ispaniyalı Samvel Qorqyana tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda polşalı Vitold Pavlikə sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub. Tunar Quliyev (71 kq) debütdə ermənistanlı Avetik Tutxalyana (2:15) uduzub.
Elgün Kərimli (92 kq) ermənistanlı Artur Mkrtçyana (8:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Abdurazak Şabanovla bacarmayıb – 4:15. Elgün sabah təsəlliverici görüşdə belaruslu Timur Mirzəyevlə qarşılaşacaq.