İki güləşçimiz U23 Avropa çempionatının finalında

İki güləşçimiz U23 Avropa çempionatının finalında

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı start götürüb.

İlk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalçaya çıxıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Vasif Bağırov (57 kq) fransalı Rasul Qalburayevə “tuş”la qalib gələrək yarımfinala yüksəlib. O, gürcüstanlı Nikoloz Botçorişvilini isə 6:2 hesabıyla üstələyib. Bağırov sabah finalda rusiyalı Ayanday Ondarla güləşəcək.

Musa Ağayev (65 kq) italiyalı Mattia Bientinesini vaxtından əvvəl (10:0) yarışdan kənarlaşdırsa da, 1/4 finalda belaruslu Maqomedxan Maqomedxanova 4:7 hesabıyla məğlub olub. Ağayev bürünc medal uğrunda ermənistanlı Arman Musikyanla mübarizə aparacaq.

Ramik Heybətov (70 kq) polşalı Daniel Kulçinskiyə 9:4 hesbıyla qalib gəldikdən sonra 1/4 finalda moldovalı Aleksandr Qaydarliylə bacarmayıb – 0:11. Heybətov təsəlliverici görüşdə gürcüstanlı Qoqa Otinaşviliylə üz-üzə gələcək.

Səbuhi Əmiraslanov (79 kq) belaruslu Aleksandr Viarbitskiyə (11:4) və almaniyalı Marat Kardanova (6:2) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Səbuhi gürcüstanlı Giorgi Qoqritçianiyə də gücünü göstərib – 4:1. Əmiraslanov həlledici görüşdə rusiyalı İsmayıl Xaniyevlə qarşılaşacaq.

Zəfər Əliyev (97 kq) ermənistanlı Qurqen Simonyana 6:2 hesabıyla qalib gəlsə də, yarımfinalda ukraynalı İvan Primaçenkoya eyni hesabla məğlub olub. Əliyev bürünc medal uğrunda Davide Kossu (İtaliya) – Emirhan Kılıç (Türkiyə) görüşünün qalibiylə güləşəcək.

//