Bu gün Qusar rayonunun Hil kəndində güləş zalı istifadəyə verilib.
Tədbirdə Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, onun birinci müavini Şahid Fərəməzov, Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov, regionlar üzrə əlaqələndirici Elfaq Səfərov, xeyriyyəçi-biznesmen Kərim İlyasov, yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Aleksandr Tarakanov, o cümlədən son dünya çempionlarımız – Eldəniz Əzizli, Nihat Məmmədli və Ülvü Qənizadə iştirak edib.
Zalın açılış mərasimində AGF-nin baş katibi Nəsimi Musayev və Qusar rayon icra başçısı Sahir Məmmədxanov çıxış edib. Qeyd edilib ki, idman həm insanın sağlamlığı, həm də mənəvi dəyərlərin aşılanması üçün çox vacibdir. Təsadüfi deyil ki, ölkədə idman dövlət qayğısı ilə əhatə olunub. Bu zalın Hil kəndində güləşə və idmana marağı daha da artıracağı və 8 yaşdan yuxarı uşaqların asudə vaxtını səmərəli və sağlam keçirməsi üçün əlverişli məkan olduğu vurğulanıb.
AGF tərəfindən bütün zəruri güləş avadanlıqları ilə təchiz edilmiş idman zalında məşqçi-müəllimlər Enrik Talıbov və Mehman Babayevin rəhbərliyi altında keçiriləcək məşqlər ödənişsiz olacaq.
Qeyd edək ki, ölkədə güləşin inkişafını sürətləndirmək məqsədilə AGF tərəfindən yerlərdə infrastrukturun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdiriləcək.