Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında 4 medal qazanan sərbəst güləş millimiz vətənə qayıdıb.
Bir qızıl, iki gümüş və bir bürünc medalla komanda hesabında 3-cü yeri tutan komandamızın Heydər Əliyev adına Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib.
Yığmanın məşqçisi Taymuraz Kokoyev brifinqdə bunları deyib:
“Güləş azarkeşlərimizi əldə olunan uğurlara görə təbrik edirəm. Komanda hesabında 3-cü olmaq yaxşı nəticədir. Bizim üçün federasiya tərəfindən hər bir şərait yaradılmışdı. Yüksək səviyyədə təlim-məşq toplanışları, vitaminlə təminat, qidalanma – hər şey qaydasında idi. Fürsətdən istifadə edib, federasiyamıza, GİN və MOK-a təşəkkürümüzü bildiririk. Səylə, peşəkar şəkildə dünya çempionatına hazırlaşdıq. Nəticələrdən razıyıq. Amma məşqçilər və idmançılar hər zaman daha yüksək uğurlara ümid edirlər. Səhvlərimiz üzərində işləyəcəyik. Bundan da yaxşı nəticələr göstərməyə çalışacağıq”.
Daha sonra dünya çempionu Maqomed-Başir Xaniyev (70 kq), gümüş medalçılar Ruslan Abdullayev (61 kq) və Arseniy Djioyev (86 kq), həmçinin, bürünc medalçı Cəbrayıl Qadjiyev (74 kq) təəssüratlarını bölüşüb.