Albaniyada keçirilən dünya çempionatında tarixi uğura imza atan Yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.
Üç qızıl medalla komanda hesabında aşkar fərqlə dünya çempionu olan və titulunu qoruyan yığmamızın Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib.
Aleksandr Tarakanov, milli komandanın baş məşqçisi:
“Bu, təkcə güləşçilər və məşqçilər üçün deyil, həm də bütün federasiya üçün uğurdur və biz bu nəticə ilə fəxr edə bilərik. Dünyanın ən güclü yığmaları ilə rəqabət apara biləcək komanda hazırlayırıq. Federasiya rəhbərliyi bizi – idmançıları və məşqçiləri dəstəkləyir, hər bir çıxışımızı izləyir, məşq və yarışlarla bağlı bütün məsələlərin həllində iştirak edir. İndi güclü komanda hazırlayırıq və maksimum rəqabət yaratmaq üçün olimpiya çəkilərini hədəfləyirik”.
Eldəniz Əzizli (55 kq), dünya çempionu:
“Təkcə öz qələbəmə görə yox, həm də komandamızın uğuruna görə sevinirəm. Tarixi nəticə oldu. İkinci pillədə olan komandanı böyük fərqlə qabaqladıq. İlk dəfə bir dünya çempionatında 3 qızıl medal qazandıq. 4-cü dəfə dünya çempionu olmaqla Azərbaycan güləş tarixində yeni rekorda imza atdım. Buna görə çox sevinirəm. Hər kəsə təşəkkür edirəm. Növbəti hədəfim 5-ci dəfə dünya çempionu olmaqdır. Məşqçilərimizə minnətdarlığımı bildirirəm. Güləşçilər aysberqin görünən tərəfidir. Görünməyən tərəfində isə şəxsi və milli komandanın məşqçiləri dayanır. Sözsüz ki, bu uğurların qazanılmasında bizə göstərilən diqqət və qayğının böyük rolu var. Buna görə ilk növbədə təkcə güləşə yox, ümumilikdə ölkə idmanına dəstək olan ölkə başçısına minnətdarlığımı bildirirəm”.
Nihat Məmmədli (63 kq), dünya çempionu:
“Təəssüratlarımı sözlə ifadə etmək çətin məsələdir. Çox qürurverici hissdir. Bunu ancaq yaşayan bilər. Qələbənin yarısı ona inanmaqdır. Beynəlxalq arenada ilk dəfə 63 kq-da iştirak edirdim. Bu, dünya çempionatına təsadüf edirdi deyə mənim üçün ağır olacağı bəlliydi. Bütün görüşlərimin çətin keçəcəyini bilirdim. Özümü buna hazırlamışdım. Belə də oldu. Şükür Allaha, zəhmətimiz yerdə qalmadı. Bu il 60 kq-da Avropa çempionu oldum. Hədəfim Olimpiya Oyunlarında iştirak idi. Qismət olmadı. Əvəzində Allah mənə qeyri-olimpiya çəkisində dünya çempionu olmağı nəsib etdi. Gələn il yenidən 60 kq-a qayıtmağı planlaşdırıram”.
Ülvü Qənizadə (72 kq), dünya çempionu:
Yarış çox çətin keçdi. Çünki dünya çempionatına az qalmış xəstələndim. Ümidim yox idi. Allaha çox şükür ki, bu gün dünya çempionu kimi qarşınızdayam. Məşqçilərin, federasiya rəhbərliyinin əziyyətini və mənə olan inamını itirmədim. Artıq Avropa və dünya çempionuyam. Çalışacağam ki, bu çempionluqların sayını artırım”.