Son 2 həftədə müxtəlif güləş zallarına baş çəkən Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndələri Astarada da olub.
Azərbaycan sərbəst güləşində Astara məktəbinin xüsusi çəkisi var. Bu güləş məktəbi Aslan Ağayev, Nadir Həmidov, Cəbrayıl Həsənov, Sona Əhmədli kimi titullu idmançıları yetişdirib. Hal-hazırda milli komandanın üzvü olan Əliabbas Rzazadə, Əli Rəhimzadə, Ramik Heybətov və Musa Ağayev də bu məktəbin yetirməsidir.
AGF Astara Olimpiya İdman Kompleksini zəruri inventarla təmin edib. Hazırda kompleksdə 100-dən artıq oğlan və qız müxtəlif yaş qrupları üzrə 4 məşqçinin rəhbərliyi altında sərbəst güləşlə məşğul olur. Sevindirici haldır ki, Astarada qadın güləşinə maraq gündən-günə artır. Təsadüfi deyil ki, bu məktəbin yetirmələri Nuray Cəfərli və Gülbacı Cavadova bu il ilk dəfə qadın güləşinin yer aldığı U-15 Azərbaycan çempionatında 42 kq-da finala yüksəliblər.
Olimpiya və 3 qat Avropa çempionu, AGF-nin İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev, dünya üçüncüsü, U-20 milli komandanın məşqçisi Əşrəf Əliyev yerli məşqçilər və idmançılarla görüşüb. Onlar kompleksin direktoru Aslan Ağayevlə bu regionda güləşin inkişaf perspektivlərini müzakirə edib. Qeyd olunub ki, gələn il Azərbaycan güləş tarixində ilk dəfə U-17 Azərbaycan çempionatının məhz Astara Olimpiya İdman Kompleksində keçirilməsi planlaşdırılır.
AGF kəmiyyət və keyfiyyət artımını sürətləndirmək, güləşə daha çox maraq cəlb etmək üçün klub və cəmiyyətlərin, güləş mərkəzlərinin inventarla təminatını və metodiki dəstəyini davam etdirəcək.