Azərbaycan güləşinin inkişaf istiqamətlərindən biri kütləviliyə nail olmaqdır.
Bu mənada regionlarda yeni güləş bölmələrinin açılması və infrastrukturun yaxşılaşdırılması prioritet təşkil edir. İmişlidə sərbəst güləş üzrə yeni məktəbin açılması da bu prosesin tərkib hissəsidir.
Oktyabrın 12-də Azərbaycan Güləş Federasiyasının inventarla təmin etdiyi məktəbin açılışı olub. Açılış mərasimində Azərbaycan Güləş Federasiyasının (AGF) İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi Cəbrayıl Həsənov, AGF-nin Regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov iştirak edib. Qonaqlar ölkədə güləşin inkişafı üçün belə zalların açılmasının çox mühüm rol oynadığını qeyd ediblər və yeniyetmə idmançılara uğurlar arzulayıblar.
Qeyd edək ki, iki dəst güləş xalçasıyla təmin edilmiş idman mərkəzində güləş dərsləri keçmək üçün əlverişli şərait yaradılıb. Mərkəzin açıq havada idmanla məşğul olmaq üçün geniş ərazisi də var. Bu arenada sərbəst güləş üzrə məşqçi-müəllim Qalib Şükürov məşqləri keçəcək.