Güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Bakı İdman Sarayında keçirilən yarışın 3-cü günündə yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 130 kq-da qaliblər müəyyənləşib.
Millimiz 4 üzvü fəxri kürsüyə qalxıb.
Nihad Quluzadə (60 kq) finalda türkiyəli Mert İlbarsa 1:2 hesabıyla məğlub olub və gümüş medalla kifayətlənib.
Ruslan Nurullayev (72 kq) bolqarıstanlı Petar Qornyaşkiyə 7:4 hesabıyla qalib gələrək bürünc medalı boynundan asıb.
Qurban Qurbanov (82 kq) həlledici görüşdə rusiyalı İslam Əliyevdən güclü olub – 8:2. Bununla da Qurban karyerasında ikinci dəfə U-23 Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Murad Əhmədiyev (97 kq) isə finlandiyalı Aapo Viitalaya tam üstünlüklə (11:0) qalib gələrək yarışı bürünc medalla başa vurub.
Nihad Quluzadə: “Çəkimi təzə dəyişmişdim. İlk dəfə yeni çəkidə finala çıxdım. Son U-23 dünya çempionatında uduzmuşdum. Bu dəfə artım var. Amma yenə də, xırda səhvlər var, onun üzərində işləyəcəyik. Həlledici məqamda üstünlük yaxalamışdım. Tələskənlik üzündən fürsəti əldən verdim. Orada gözləməliydim, ancaq vaxtından əvvəl hərəkət etdim. Allah qoysa, qarşıdakı yarışlarda bu itkiləri aradan qaldırmağa çalışacağam”.
Ruslan Nurullayev: “Bu nəticəni gözləyirdim. Avropa çempionatına 99 faiz hazır idim. Pik vəziyyətdəydim. Bir az təcrübəsizlik, bir az da tələslənlik uzündən finala çıxa bilmədim. Qarşıda bizi daha 2 məsul sınaq gözləyir. İnşallah, gələn yarışlarda bu səhvlər olmayacaq və bürünc medal qızıl ilə əvəzlənəcək. Üzərimdə bütün məşqçilərin əməyi var, onlara təşəkkürümü bildirirəm”.
Qurban Qurbanov: “Ötən il bu yarışda 72 kq-da 1-ci yer tutmuşdum. Bu dəfə daha ağır çəkidə mübarizə apardım. Təbii ki, bu da çətinlik yaradır. Yenisinə uyğunlaşmaq üçün vaxt lazımdır. Çünki rəqiblər fərqlidir, onlar dəyişir. Belədə sən də dəyişməyə məcbursan. 82 kq-da oturuşmuş güləşçilər vardı. Gəlib onlardan qızıl medalı almaq asan deyil. Bütün hisslər müvəqqətidir, sevinc də həmçinin. Artıq növbəti yarışlara köklənmək lazımdır. Düşünürəm ki, daha böyük arenalar üçün nəinki vaxt çatıb, hətta vaxt ötüb. Məşqçilərə inanırıq, onlara təşəkkürümü bildirirəm. Başda şəxsi məşqçim Turac Hüseynli olmaqla. Finalda rəqibin kobudluğunu adi hal kimi qiymətləndirirəm. Ola bilsin, hisslərini cilovlaya bilməyib. İdmanda normal haldır. Hakimlər bunu gördü və anında reaksiya verdilər”.
Murad Əhmədiyev: “İlk qarşılaşmada Belarus idmançısına uduzdum. O, finala adladı və mən təsəlliverici görüşə qatıldım. Allaha çox şükürlər olsun, onu keçib bürünc medal qarşılaşmasında fürsəti qaçırmadım. İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat turnirində də uğur qazanacaqdım. O zaman çox çəki salmışdım. Keçən dəfə bu yarışda çempion olmuşdum. Bu dəfə 3-cü yerlə kifayətləndim. U-23 dünya çempionatında qızıl medal qazanmaq lazımdır”.