Xadjimurad Qadjiyev U-23 dünya çempionatında gümüş medal qazandı

Xadjimurad Qadjiyev U-23 dünya çempionatında gümüş medal qazandı

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatı sona çatıb.

Mundialın 6-cı günündə son 3 sərbəst güləşçimiz mübarizəyə qoşulub.

İntiqam Vəlizadə (61 kq) ilk mərhələdə Şri-Lankadan olan Oşanda Samaradivakaranı tam üstünlüklə (10:0) məğlub etsə də, 1/8 finalda kolumbiyalı Elkin Santaya müqavimət göstərə bilməyib – 2:12.

Xadjimurad Qadjiyev startda kolumbiyalı Sebastyan Rodrigesə heç bir şans tanımayıb – 13:2. Yığma üzvü 1/8 finalda Şri-Lanka təmsilçisi Kusumsiri Palamureyə də vaxtından əvvəl qalib gəlib – 10:0. Qadjiyev ermənistanlı Hrayr Alixanyana 4:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Moldovalı Vasili Diakonu minimal fərqlə (4:3) üstələyən Xadjimurad adını finala yazdırıb. Təmsilçimiz həlledici görüşdə iranlı Məhəmmədsadiq Firuzpurbandpeylə qarşılaşıb və 2:5 hesabıyla məğlub olaraq gümüş medalla kifayətlənib.

Vaxit Qalayev (125 kq) 1/8 finalda bolqarıstanlı Georgi İvanova 4:1 hesabıyla qalib gəlsə də, növbəti mərhələdə qazaxıstanlı Alişer Yergaliyə uduzub – 4:5.

Beləliklə, sərbəst güləş üzrə milli dünya çempionatını 1 gümüş və 2 bürünc medalla başa vurub.

//