Üç güləşçimiz Avropa çempionatının finalında

Üç güləşçimiz Avropa çempionatının finalında

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.

Altıncı yarış günündə 61, 74, 86, 92 və 125 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.

Camal Abbasov (61 kq) avstriyalı Kristian Tsikel (12:2), ermənistanlı Qaqik Qaqazaryan (10:0) və italiyalı Paskuale Liutsiyə (10:0) tam üstünlüklə qalib gələrək finala yüksəldi. Camal sabah finalda rusiyalı Usman İndirbayevlə güləşəcək.

Nurlan Ağazadə (74 kq) kosovolu Erand Fluqa (11:0), macarıstanlı Mate Varqa (10:0) və türkiyəli Umut Uslu (10:1) üzərində inamlı qələbə qazanaraq adını finala yazdırıb. Nurlan finalda almaniyalı Manuel Vaqinlə üz-üzə gələcək.

Məhəmməd Abbaszadə (86 kq) gürcüstanlı Daçi Papinaşvili (3:2) və türkiyəli Səfa Cəsuru (5:1) mübarizədən kənarlaşdırsa da, yarımfinalda ermənistanlı Razmik Yepremyana sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

Hüseyn Məmmədtağızadə (92 kq) moldovalı Aleksandru Borsla (4:1) almaniyalı Abdurrahim Sekmeni (3:0) üstələsə də, yarımfinalda rusiyalı Artur Toqoyevə (0:10) uduzub və sabah bürünc medal uğrunda güləşəcək.

Yusif Dursunov (125 kq) ukraynalı İvan Miroşniçenkoyla macarıstanlı Daniel Silağini 10:0, ermənistanlı Henrik Haykyanı isə 6:1 hesabıyla məğlub edərək finala vəsiqə qazanıb. Yusif həlledici görüşdə rusiyalı Soslan Qabuyevlə qarşılaşacaq.

//