Millimiz rekord göstəricilərlə dünya ikincisi oldu
Sentyabr 13, 2022
Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.
Millimiz tarixi uğura imza atıb. 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edən yığmamız 118 xalla komanda hesabında dünya ikincisi olub. Türkiyə (125) birinci, Serbiya (110) isə üçüncü yeri tutub.
Bu, güləşin bu növündə ikinci belə uğurdur. Xatırladaq ki, 7 il əvvəl Las Veqasda keçirilən mundialda komandamız dünya ikincisi olmuşdu.
Ancaq bu dəfə bir neçə istiqamətdə nəticələr daha yüksək olub. Belə ki, dünya çempionatında yunan-Roma güləşində həm medalların əyarına, həm sayına, həm də toplanan xallara görə yeni rekord qeydə alınıb. Komandamızın bu nəticəyə 9 güləşçi ilə imza atdığını vurğulamaq yerinə düşür.
Xatırladaq ki, Belqradda Eldəniz Əzizli (55 kq) qızıl, Ülvü Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) isə bürünc medal qazanıb.
