Jalə Əliyeva Avropa üçüncüsü oldu
Slovakiyada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Aprelin 9-11-də qadın güləşçilərimiz qitə birinciliyində mübarizə aparıb. Təmsilçilərimizdən biri fəxri kürsüyə qalxıb.
Elnurə Məmmədova (55 kq) təsnifat mərhələsində rumıniyalı Beatris Ferentə minimal fərqlə (2:3) məğlub olub.
Mübarizəyə 1/4 finaldan qoşulan Jalə Əliyeva (57 kq) polşalı Maqdalena Qlodekə “tuş”la qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında türkiyəli Elvira Kamaloğlu ilə qarşılaşan həmyerlimiz zədələndiyi üçün həkim onun görüşü sonadək davam etdirməsinə icazə verməyib. Əliyeva növbəti gün finlandiyalı Kristina Hemiae ilə həlledici qarşılaşmada əsl əzmkarlıq göstərib. 10:3 hesabıyla qalib gələn Jalə Avropa çempionatını bürünc medalla başa vurub.
Alyona Kolesnik (55 kq) da yarışa 1/4 finaldan start verib və belaruslu Alesiya Hetmanavanı mübarizədən kənarlaşdırıb – 7:2. Ancaq təcrübəli güləşçimiz titulunu qoruya bilməyib. O, yarımfinala türkiyəli Bediha Günə (0:3), bürünc medal uğrunda görüşdə isə italiyalı Aurora Russoya (1:3) uduzub.
Ruzanna Məmmədovanın (62 kq) Avropa çempionatında debütü uğurlu alınmayıb. Gənc güləşçimiz 1/8 finalda almaniyalı Luisa Niemeşə 1:7 hesabıyla məğlub olub.



