İlk yarış günündə 12 lisenziyanın sahibi müəyyənləşib
Bu gün güləş üzrə Avropa Olimpiya Təsnifat turniri start götürüb.
İlk yarış günündə yunan-Roma güləşi üzrə 114 idmançı Olimpiadaya lisenziya uğrunda mübarizə aparıb.
60 kq
Nihat Məmmədli 1/8 finalda ukraynalı Oleksey Masikə 5:2 hesabıyla qalib gəlsə də, 1/4 finalda türkiyəli Avropa və dünya üçüncüsü Enes Başara məğlub olub – 1:3. Bu çəkidə Enes Başar və moldovalı Viktor Çobanu Olimpiya Oyunlarına vəsiqə qazanıb.
67 kq
Həsrət Cəfərov ötən il dünya çempionatında lisenziya qazandığı üçün ölkəmiz bu çəkidə təmsil olunmayıb. Ukraynanı təmsil edən soydaşımız Pərviz Nəsibovla fransalı Mamadassa Silla Paris-2024-də iştirak hüququ qazanıb.
77 kq
Sənan Süleymanov da dünya çempionatında lisenziya əldə etdiyi üçün bu çəkidə təmsilçimiz iştirak etməyib. Türkiyəli Burhan Akbudak və finlandiyalı Conni Sarkkinen Olimpiadaya vəsiqə qazanıb.
87 kq
İslam Abbasov 1/8 finalda danimarkalı Avropa çempionu və dünya ikincisi Turpal Bisultanova uduzub – 3:5. Bu kateqoriyada Serbiya təmsilçisi Aleksandr Komarovla rusiyalı Milad Alirzayev Olimpiya Oyunlarına lisenziya qazanıb.
97 kq
Murad Əhmədiyev 1/8 finalda isveçli Aleksandar Styepanetiçə tam üstünlüklə qalib gəlib – 10:0. Həmyerlimiz 1/4 finalda almaniyalı Lukas Lazogianisə 5:7 hesabıyla məğlub olub. Bu çəkidə gürcüstanlı Robert Kobliaşvili və litvalı Mindauqas Venkaytis Paris-2024-də iştirak hüququ qazanıb.
130 kq
Beka Kandelaki təsnifat mərhələsində norveçli dünya və Avropa üçüncüsü Oskar Marvikə (9:1), 1/4 finalda isə bolqarıstanlı Georgi İvanova (9:0) tam üstünlüklə qalib gəlib. Milli üzvü yarımfinalda – lisenziya uğrunda həlledici görüşdə rusiyalı dünya və Avropa çempionu, 2 qat olimpiya mükafatçısı Sergey Semyonova 2:4 hesabıyla məğlub olub. Bu çəkidə Semyonovla yanaşı, almaniyalı Jello Krahmer Olimpiadaya vəsiqə qazanıb.









