Eldəniz Əzizli Avropa çempionatının finalında
Slovakiyada güləş üzrə Avropa çempionatı davam edir.
Beşinci yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kq-da mübarizəyə start verilib.
Eldəniz Əzizli (55 kq) gürcüstanlı Vaxtanq Loluaya tam üstünlüklə (9:0) qalib gələrək yarımfinala yüksəlib. Titullu güləşçimiz finalın bir addımlığında isə ermənistanlı Manvel Xaçatryana heç bir şans tanımayıb – 5:1. 4-cü dəfə Avropa çempionatının finalına vəsiqə qazanan Əzizli həlledici qarşılaşmada rusiyalı Emin Seferşayevlə üz-üzə gələcək.
Murad Məmmədov (63 kq) startda belaruslu Qleb Makarankaya 6:1 hesabıyla qalib gəlib. Murad 1/4 finalda xorvatiyalı İvan Lizatoviçə (9:0) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Məmmədov finalın bir addımlığında türkiyəli Kərəm Kamala minimal fərqlə məğlub olub – 4:5.
Sənan Süleymanov (77 kq) 1/8 finalda türkiyəli Ahmet Yılmaza 1:2 hesabıyla uduzub.
İslam Abbasov (87 kq) yarışa inamlı start verib. Təcrübəli güləşçimiz polşalı Şimon Şimanoviç (4:0), hollandiyalı Marsel Sterkenburq (4:1) və norveçli Eksos Mukubunu (3:1) üstələyərək yarımfinala adlayıb. Abbasov finalın bir addımlığında bolqarıstanlı olimpiya çempionu Semen Novikova 3:5 hesabıyla məğlub olub.
Beka Kandelaki (130 kq) ukraynalı Mixaylo Vişnivetskiyə “tuş”la qalib gələrək 1/4 finala yüksəlib. Beka 1/4 finalda türkiyəli Hamza Bakıra 0:2 hesabıyla məğlub olub.
