Millimiz Dünya Seriyasının finalına hazırlaşır
Sentyabr 14, 2026
Çimərlik güləşi üzrə milli komandamız bu gün Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında ümumi və xüsusi hazırlıq üzrə toplanışa start verib.
Sentyabrın 23-dək davam edəcək TMT-də yığmanın baş məşqçisi Oyan Nəzəriani və məşqçi İbrahim Yusubovun rəhbərliyi altında Rübail İbrahimli, Tunar Quliyev, Hüseyn Sevdimov (hamısı 70 kq), Vüsal Əliyev, Sahib Dadaşov, Nihad Süleymanlı (hamısı 80 kq), Əşrəf Aşırov, Elgün Kərimli (hər ikisi 90 kq) və Camal Feyziyev (+90 kq) iştirak edəcək.
Qeyd edək ki, toplanış sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində keçiriləcək Dünya Seriyasının final mərhələsinə hazırlıq xarakteri daşıyır. Hazırlıq prosesinə cəlb edilən yeniyetmə güləşçilər isə noyabrda Seneqalın paytaxtı Dakarda təşkil ediləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlaşır.