Azərbaycan güləşinin zəngin irsi idman sərgisində nümayiş olunur
Noyabr 27, 2026
Noyabrın 27-də Bakı İdman Sarayında idman sərgisinə start verilib. İki gün davam edəcək sərgidə ölkədə təmsil olunan müxtəlif idman növləri ilə yanaşı, güləş də özünəməxsus stendlə yer alıb.
Azərbaycan Güləş Federasiyası (AGF) üçün ayrılmış guşə muzey konsepsiyası əsasında qurulub. Burada Azərbaycan güləşinin zəngin irsini, keçmişdən bu günə qədər qazanılan uğurlarda böyük sahibi olan güləşçilər və mütəxəssislərlə bağlı məlumatlar, ən mühüm yarışlarda qazanılmış çempionluq kubokları, güləş haqqında ətraflı informasiya verən kitablar nümayiş etdirilib. Beləliklə, ziyarətçilər Azərbaycan güləşinin keçmişi, bu günü və beynəlxalq uğurları ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Ziyarətçilərin marağını artırmaq və onlara interaktiv təcrübə yaşatmaq məqsədilə stendin müxtəlif guşələrində QR kodlar yerləşdirilib. Kodların yerini müəyyənləşdirərək tapşırığı uğurla tamamlayan iştirakçılar AGF tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.
Günün ikinci yarısında gənclər və idman naziri Fərid Qayıbov da sərgiyə baş çəkərək ekspozisiyalarla tanış olub. Nazirə AGF-nin stendində nümayiş etdirilən eksponatlar, güləş irsini yaşadan tarixi nümunələr və müstəqillik dövründə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, idman sərgisinə sabah yekun vurulacaq.







