Azərbaycan və İran Dünya Kubokunun finalında

Azərbaycan və İran Dünya Kubokunun finalında

Bu gün Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürdü.

Saat 10:00-da A qrupunda ilk görüş çərçivəsində Türkiyə və İran komandaları üz-üzə gəldi. Gözlənilənlərin əksinə, daha gənc heyətə sahib cənub qonşularımız qarşılaşmaya inamlı start verdi. İlk 5 görüşdə İran güləşçiləri qələbə qazanıb. Türkiyə bu məğlubiyyətlərdən üçünün əvəzini çıxsa da, 97 kq-da yenilgi mübarizənin taleyini həll etdi. İran ümumi hesabda 6:4 hesablı qələbəni qeyd etdi.

55 kq
Puya Dad Marz – Ekrem Öztürk *1:1

60 kq
Mehdi Necad – Kerem Kamal 9:7

63 kq
İman Məhəmmədi – Ahmet Uyar 8:0

67 kq
Seyid Söhrabi – Murat Fırat 8:0

72 kq
Məhəmmədrza Rüstəmi – Selçik Can 2:1

77 kq
Məhəmməd Rza Muxtari – Yunus Emre Başar 2:6

82 kq
Əlirza Mohmadipiani – Burhan Akbudak 5:7

87 kq
Həmidrza Badkan – Ali Cengiz 2:11

97 kq
Mehdi Balihamzadə – Metehan Başar 4:2

130 kq
Osman Yıldırım – Əliəkbər Yusufiahmadçali *5:5

Yarışın böyük maraqla gözlənilən təntənəli açılış mərasimi saat 16:00-da başladı. Əvvəlcə rəsmi hissədə Dünya Güləş Birliyinin Büro üzvü və Avropa Güləş Birliyinin prezidenti Karl-Martin Ditman, eləcə də gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək yarışla bağlı fikirlərini səsləndirdilər və bütün iştirakçılara uğurlar arzuladılar. Daha sonra bədii hissəyə keçid edildi. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında əsl şou təqdim edildi. Kompozisiya arenaya toplaşmış insanların ruhunu oxşadı desək, yəqin ki, mübaliğəyə yol vermiş olmarıq.

Saat 17:00-dan etibarən isə sırayla qrup mərhələsinin son 3 görüşü keçirildi. Gözlənildiyi kimi, İran qrupun autsayderi sayılan Qırğızıstana qalib gəldi. 8:2 hesablı qələbə cənub qonşularımızı A qrupunun lideri kimi finala daşıdı.

55 kq
Puya Dad Marz – Taalaibek Beişenbek Uulu 9:1

60 kq
Mehdi Necad – Nurmuxammet Abdullayev 5:0

63 kq
İman Məhəmmədi – Kali Süleymanov 12:1

67 kq
Seyid Söhrabi – Xalmurat İbrahimov 10:2

72 kq
Amir Ali Abdi – Adilxan Nurlanbekov 6:0

77 kq
Məhəmməd Muxtari – Akilbek Talantbekov 7:1

82 kq
Məhəmmədhüseyn Mahmudi – Kalidin Asikeyev 1:6

87 kq
Əbülfəzl Çobani – Atabek Azisbekov 2:9

97 kq
Mehdi Balihamzadə – Uzur Cuzupbekov *3:3

130 kq
Əliəkbər Yusufiahmadçali – Erlan Manatbekov 4:1

Azarkeşlərin əsas marağını cəlb edən Azərbaycan – Dünya yığması qarşılaşması isə günün ən gərgin qarşılaşması oldu. Dolu tribunalar və tamaşaçıların gur dəstəyi arenada əsl güləş ab-havası yaratmışdı. Bu həm də Azərbaycanda güləşə necə dəyər verilməsinin və bu idman növünün necə sevilməsinin göstəricisi idi.

İlk görüşün nəticəsi azarkeşləri daha da coşdurdu. İki qat dünya və iki qat Avropa çempionu Eldəniz Əzizli ənənəsinə sadiq qaldı və növbəti dəfə gürcüstanlı Nuqzari Tsurtsumiaya tam üstünlüklə qalib gəldi. Təəssüf ki, Murad Məmmədov qazaxıstanlı Aydos Sultangaliyə “tuş”la məğlub oldu. Taleh Məmmədovun Avropa çempionatının finalında uduzduğu Leri Abuladzeylə qarşılaşmanı taktiki savaş da adlandırmaq olardı. Daha uğurlu taktika seçən güləşçimiz sonuncu xal prinsipinə əsasən komandamızın hesabına növbəti qələbəni yazdı. Həsrət Cəfərov isə çətinlik çəkmədən Coni Xetsurianini üstələdi. Lakin Ülvü Qənizadənin ukraynalı Andrey Kulikə məğlubiyyəti gözlənilməz oldu. Sənan Süleymanovun Zoltan Levaya “tuş”la qalib gəlməsi tam yerinə düşdü. Bu qələbənin davamını Rafiq Hüseynov gətirdi. Komandanın ən təcrübəli üzvü Jalqasbay Berdimuratovu məğlub edərək son dünya çempionatındakı məğlubiyyətin revanşını aldı. Düzdür, növbəti görüşlərdə qələbə sevinci yaşamadıq və ümumi hesab 5:5 oldu. Ancaq əlavə göstəricilərdə – fərdi görüşlərdə komandamızın nəticəsi daha yüksək olduğu üçün Azərbaycan B qrupunun qalibi kimi adını finala yazdırdı.

55 kq
Eldəniz Əzizli – Nuqzari Tsurtsumia 9:0

60 kq
Murad Məmmədov – Aidos Sultangali 1:4 (tuş)

63 kq
Taleh Məmmədov – Leri Abuladze *1:1

67 kq
Həsrət Cəfərov – Coni Xetsuriani 5:0

72 kq
Ülvü Qənizadə – Andrey Kulik 1:7

77 kq
Sənan Süleymanov – Zoltan Levay 8:1 (tuş)

82 kq
Rafiq Hüseynov – Jalqasbay Berdimuratov 3:1

87 kq
Murad Əhmədiyev – Aleks Keysidis 2:3

97 kq
Arif Niftullayev – Nikolos Kaxelaşvili 1:5

130 kq
Sabah Şəriəti – Mantas Knistautas 1:5

Günün son qarşılaşmasında Türkiyə Qırğızıstanı 7:3 hesabıyla məğlub etdi və A qrupunda 2-ci yeri tutdu.

55 kq
Ekrem Öztürk – Taalaibek Beişenbek Uulu 0:8

60 kq
Mukremin Aktaş – Nurmuxammet Abdullayev 1:6

63 kq
Ahmet Uyar – Kali Süleymanov 5:1

67 kq
Murat Fırat – Xalmurat İbrahimov 6:1

72 kq
Selçuk Can – Adilxan Nurlanbekov 5:3

77 kq
Yüksel Sarıçiçek – Akilbek Talantbekov *5:5 

82 kq
Burhan Akbudak – Kalidin Asikeyev 9:0

87 kq
Ali Cengiz – Atabek Azisbekov 1:6

97 kq
Metehan Başar – Uzur Cuzupbekov 2:1

130 kq
Fatih Bozkurt – Erlan Manatbekov 6:1

Bununla da Dünya Kubokunda qrup mərhələsinə yekun vuruldu. Qrup qalibləri İran və Azərbaycan finalda kubok uğrunda mübarizə aparacaq. Türkiyə və Dünya yığması isə bürünc medal görüşünə çıxacaq.

//