Avropa çempionu olan sərbəst güləş millimiz vətənə qayıdıb

Avropa çempionu olan sərbəst güləş millimiz vətənə qayıdıb

Xorvatiyada keçirilən Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləş üzrə millimiz vətənə qayıdıb.

Zaqrebdə 2 qızıl, 2 gümüş və 2 bürünc medalla 150 xal toplayaraq ardıcıl 2-ci, ümumilikdə 4-cü dəfə Avropa çempionu olan yığmamız Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşğuyla qarşılanıb. Qarşılanma mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, güləşçilər və idmançıların yaxınları iştirak edib.

Hacı Əliyev, Avropa çempionu:

“Son 4 ildə Avropa çempionu ola bilməmişdim. Bu medal üçün çox əziyyət çəkdim. Qələbələrin hamısı böyük zəhmətin bəhrəsidir. Güləş tariximizdə belə nailiyyət olmamışdı. Şükürlər olsun ki, bu tarixi yaza bildim. Qarşıda dünya çempionatı var. Məşqçilərlə belə qərara gəldik ki, Avropa çempionatında 65 kq-da güləşməyim, əsas gücümü mundiala saxlayım. Orada həm çempion olmaq, həm də Paris olimpiadasına vəsiqə qazanmaq istəyirəm. Olimpiya Oyunlarından sonra isə idmanla vidalaşacağam”.

Əliabbas Rzazadə, Avropa çempionu:

“Hər kəs məndən qızıl medal gözləyirdi. Şükürlər olsun ki, etimadı doğrulda bildim. Keçən il Avropa çempionatında gümüş medal qazanmışdım. Bu dəfə onu qızıla çevirdim. Özümə çox güvənirdim. Komanda hesabında da ardıcıl 2-ci dəfə qitənin ən güclüsü olduq. Yarımfinalda “tuş”la qalib gəlmək istəyirdim. Amma vəziyyətə nəzarəti itirdim. Sonradan məşqçilərin səyi ilə özümü toparladım. Lazım olan xalları aldıqdan sonra daha çox müdafiəyə fikir verdim. Nəticədə qələbə qazandım. Süleyman Atlı əsas rəqibim idi. Yarışa qədər onu ciddi şəkildə təhlil etmişdim. Zəif və üstün tərəflərini bilirdim. Düzgün taktika ilə Atlını məğlub etdim”.

Xetaq Qazyumov, milli komandanın baş məşqçisi:

“Ötənilki uğuru təkrarladığımız üçün şadam. Qorxurdum ki, məndə alınmayacaq. Amma hər şey əksinə oldu və komanda hesabında birinci yeri tutduq. Buna görə sabiq baş məşqçi Namiq Abdullayevə təşəkkürümü bildirirəm. Çünki belə güclü komandanı mənə təhvil verib. Onun qurduğu işi davam etdirirəm. Sözsüz ki, daha çox qızıl medal qazanmaq istəyərdik. Dörd idmançımız finala çıxmışdı. Bəzi güləşçilərimiz zədəli idi. Onlar sağlam olsaydılar, daha fərqli nəticəyə imza atardıq. Təəssüf ki, Osman Nurmaqomedov, Maqomedxan Maqomedov finalda uduzdular. Onlara ümidlərimiz böyük idi. Bir həftə dincəldikdən sonra Bakıda toplaşıb dünya çempionatının hazırlıqlarına başlayacağıq. Bizi bir neçə hazırlıq mərhələsi gözləyir. Reytinq turnirlərində iştirak edəcəyik. Paris Olimpiadasına lisenziya verən dünya çempionatına ciddi hazırlaşacağıq”.

Xatırladaq ki, Zaqrebdə Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb.

//