AGF Texniki və Hakimlər Komitəsi fəaliyyətini genişləndirir

AGF Texniki və Hakimlər Komitəsi fəaliyyətini genişləndirir

Azərbaycan Güləş Federasiyasının (AGF) Texniki və Hakimlər Komitəsinin növbəti iclası keçirilib.

AGF-nin baş katibi Pərvin Piriyevin rəhbərliyi ilə baş tutan iclasda federasiyanın İdman şöbəsinin müdiri Kamran Quliyev və yunan-Roma güləşi üzrə milli komandanın böyük məşqçisi Nurəddin Rəcəbov Texniki və Hakimlər Komitəsinin tərkibinə üzv seçilib.

Görüş zamanı Komitənin fəaliyyəti ilə bağlı müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə hakimlərin və məşqçilərin bilik və bacarıqlarının artırılması məqsədilə təlim və seminarların təşkili, azyaşlı və yeniyetmə güləşçilər arasında liqa yarışlarının keçirilməsi, həmçinin maddi-texniki bazanın daha da gücləndirilməsi istiqamətində görüləcək işlər nəzərdən keçirilib.

İclasda səsləndirilən təkliflər dəyərləndirilib, Komitənin qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib və gələcək iş planının hazırlanması ilə bağlı müvafiq qərarlar qəbul olunub.

Görüşdə hakimlik institutunun inkişafı, yarışların keyfiyyətinin artırılması və güləşin bütün yaş kateqoriyalarında daha effektiv idarə olunması istiqamətində həyata keçiriləcək tədbirlərin əhəmiyyəti vurğulanıb.

//