AGF Laçın və Şuşada məktəblilərlə görüşüb

AGF Laçın və Şuşada məktəblilərlə görüşüb

Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin dəstəyi ilə təşkil edilən “Güləş Qarabağda” kampaniyasının ikinci günündə əvvəlcə Laçın şəhər 2 saylı orta məktəbə baş çəkilib.

Təhsil ocağının akt zalında keçirilən tədbir maraqlı və rəngarəng keçib. Tanınmış güləşçilərimiz çıxış edərək gənc nəsilə öz tövsiyələrini çatdırıblar. Daha sonra güləşlə bağlı maarifləndirici viktorina həyata keçirilib və sualları daha dəqiq cavablandıran şagirdlər AGF tərəfindən mükafatlandırılıb. Bundan başqa, 2 şagirdin mahnı ifa etməsi tədbirə əlavə rəng qatıb.

Daha sonra Rafiq Hüseynov, Eldəniz Əzizli, Mariya Stadnik, Rəsul Çunayev və Oyan Nəzəriani şagirdlərin suallarını cavablandırıb və avtoqraf imzalayıblar.

Güləşin ulduzları Şuşaya da baş çəkib. Şuşa qalasında yerli sakinlərlə görüşən nümayəndə heyəti onlarla xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Qarabağa Böyük Qayıdış layihəsinin tərkib hissəsi olan kampaniyanın məqsədi işğaldan azad olunmuş torpaqlarda yaşayan sakinlərdə motivasiyanı yüksəltmək, milli ruhda inkişafa töhfə vermək, güləşin ölkədə daha da populyarlaşmasını və bu sahədə maariflənməni təmin etməkdir.

//