Sərbəst güləş
Ölkəmizdə də məşhur olan və sevilən güləşin bu növü milli güləşə bənzəyir. Sərbəst güləş İngiltərənin Lankaşir vilayətində yaradılıb. Daha sonra peşəkar idman növü kimi Amerika Birləşmiş Ştatlarında yayılıb və tədricən bütün dünyada məşhurlaşıb.
Sərbəst güləşdə bədənin həm yuxarı, həm də aşağı ətraflarından (əllərdən və ayaqlardan) tutmaqla fəndlər icra edilir. Bu səbəbdən yunan-Roma güləşi ilə müqayisədə daha dinamikdir. Güləşin bu növündə dəyirman, badalaq, qoldan və başdan atma fəndləri məşhurdur.
Sərbəst güləş üzrə ilk Avropa çempionatı 1929-cu ildə , ilk dünya çempionatı isə 1951-ci ildə keçirilib. 1904-cü ildən güləşin bu növü Olimpiadanın proqramında yer alıb.