Yunan-Roma güləşi
Güləşin ən qədim növü sayıldığından klassik güləş kimi də tanınır. Adından da göründüyü kimi Roma imperiyası dönəmindən miras qalan bu güləşmə Avropada geniş yayılıb. Zamanla digər qitələrə də ayaq açıb.
1896-cı ildə Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında keçirilən ilk Olimpiadanın proqramında yer alan 9 idman növündən biri yunan-Roma güləşi olub. 1904-cü ildə yunan-Roma güləşi üzrə ilk dünya çempionatı keçirilib. Bu növdə ilk Avropa çempionatı isə 1911-ci ilə təsadüf edir.
Yunan-Roma güləşində ən çox çevirmə, qoldan, sinədən, başdan və əks istiqamətə atma fəndlərindən istifadə edilir. Klassik güləşdə yalnız qurşaqdan yuxarı tutaraq fəndlərin icrasına icazə verilir. Yunan-Roma güləşinin özəlliyi fəndlərin əksəriyyətinin parterdə (yerdə) həyata keçirilməsidir. Bu növdə fiziki güc böyük önəm kəsb edir.