Rəhbərlik
Mikayıl Cabbarov
Prezident
1976-cı ildə Bakıda anadan olub. 2015-2021-ci illərdə Azərbaycan Badminton Federasiyasına rəhbərlik edib. Bu müddət ərzində Azərbaycanda badminton üzrə ilk dəfə beynəlxalq turnir (2019) keçirilib və rekord sayda iştirakçı qeydə alınıb. Azərbaycan badmintonçuları ölkəmizin idman tarixində ilk dəfə komandalararası Avropa çempionatında (2018, Rusiya), dünya çempionatında (2021, İspaniya) və Olimpiya Oyunlarında (Tokio-2020) təmsil olunub.
M.Cabbarov 2017-2021-ci illərdə Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti olub. Onun fəaliyyəti dövründə Azərbaycan 2019-cu ildə sablya üzrə U-23 Avropa çempionatının qalibi olub, şpaqa üzrə gənclər arasında dünya çempionatında bürünc medal, 2021-ci ildə sablya üzrə yeniyetmələrin dünya çempionatında bürünc medal qazanılıb.
2021-ci ildən Azərbaycan Güləş Federasiyasının prezidentidir. Bu müddət ərzində Azərbaycan yığması sərbəst güləş üzrə 3 dəfə Avropa çempionu, yunan-Roma güləşi üzrə 2 dəfə Avropa və 2 dəfə dünya çempionu olub. Paris-2024 Olimpiya Oyunlarında 3 bürünc medal qazanılıb. Müxtəlif yaş qrupları (U-15, U-17, U-20, U-23) üzrə komandalarımız dünya və Avropa çempionatlarında mütəmadi olaraq ilk “3-lük”də yer alır. Hal-hazırda Azərbaycan dünya güləşində aparıcı ölkələrdən birinə çevrilib.
Namiq Abdullayev
Vitse-prezident
1971-ci ildə Bakıda anadan olub. 1990-2008-ci illərdə sərbəst güləş üzrə milli komandanın üzvü olub. Bu müddət ərzində çoxsaylı uğurlara imza atıb. 1996-cı ildə Atlanta Olimpiadasında gümüş medal qazanıb. 4 il sonra isə Sidneydə olimpiya çempionu olub. Avropa və dünya çempionatlarında ümumilikdə 10 medal qazanıb. Avropa çempionatında 3 dəfə qızıl (1994, 1995, 2003), dünya çempionatında isə 3 dəfə gümüş (1994, 1998, 2002) medal əldə edib.
2009-2020-ci illərdə Azərbaycan Güləş Federasiyasının (AGF) yeniyetmələr üzrə vitse-prezidenti, 2020-2023-cü illərdə sərbəst güləş üzrə milli komandanın baş məşqçisi vəzifəsində çalışıb. 2022-ci il aprelin 9-dan AGF İcraiyyə Komitəsinin üzvüdür. Yeniyetmələr üzrə vitse-prezident olduğu dönəmdə bu yaş qrupunda güləşçilərimiz dünya çempionatlarında 97, Avropa çempionatlarnda isə 146 medal qazanıb. Baş məşqçi kimi onun rəhbərliyi altında sərbəst güləş üzrə yığma 2022-ci ildə komanda hesabında Avropa çempionu olub.
Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür.
Fərid Mansurov
Vitse-prezident
1982-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olub. 1997-2010-cu illərdə yunan-Roma güləşi üzrə milli komandanın üzvü olub. 2002-ci ildə dünya çempionatında gümüş medal qazanıb. İki il sonra Afinada olimpiya çempionu olub. 2007 və 2009-cu illərdə dünya çempionu olub. 2010-cu ildə Bakıda keçirilən Avropa çempionatında zədələndiyi üçün karyerasını başa vurub.
2010-2011-ci illərdə yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi, 2011-2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının (AGF) gənclər üzrə vitse-prezidenti, 2016-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri vəzifəsində çalışıb. 2021-ci il dekabrın 8-dən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında prorektor vəzifəsində fəaliyyət göstərir. 2022-ci il aprelin 9-dan AGF İcraiyyə Komitəsinin üzvüdür. Həmçinin Milli Olimpiya Komitəsinin üzvüdür.
Millinin baş məşqçisi olduğu illərdə komandamız nüfuzlu yarışlarda 3 qızıl, 5 bürünc medal qazanıb. Yığmamız komanda hesabında Avropa ikincisi və dünya üçüncüsü olub. Gənclər üzrə vitse-prezident olduğu dönəmdə U-20 yaş qrupu üzrə dünya çempionatlarında 70, Avropa çempionatlarında 74 medal qazanılıb.
Vasif Məmmədov
Vitse-prezident
1979-cu ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin (1996-2000) və Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Əlaqələr və Menecment fakultəsinin (2001-2005) məzunudur. Müxtəlif şirkətlərdə, həmçinin Heydər Əliyev Fondunda çalışıb. Təhsil Nazirliyində məktəbdənkənar təhsil şöbəsinin müdiri və İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktorunun müavini vəzifələrini icra edib. Hal-hazırda SOCAR-ın vitse-prezidentinin müavini vəzifəsində çalışır.
2022-ci ilin aprel ayından Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvüdür.
Pərvin Piriyev
Baş katib
1992-ci ildə Bakıda anadan olub. 2009–2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin idarə edilməsi” ixtisası üzrə təhsil alıb. Müxtəlif illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, “Bakı 2015” Avropa Oyunları, Azərbaycan Qılıncoynatma Federasiyası və Azərbaycan Badminton Federasiyasında ictimaiyyətlə əlaqələr və marketinq sahəsində çalışıb. Sonrakı fəaliyyətində “Sabah” Futbol Klubunda əvvəlcə marketinq direktoru, daha sonra isə icraçı direktor vəzifəsində işləyib.
O, yerli və beynəlxalq idman layihələrinin təşkili sahəsində 10 ilə yaxın təcrübəyə malikdir. 44 günlük Vətən müharibəsi iştirakçısıdır.
2025-сi ilin sentyabrın 8-dən Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışır.