Oyan Nəzəriani: “Olimpiya Oyunlarına ən hazır komanda millimiz idi”

Oyan Nəzəriani: “Olimpiya Oyunlarına ən hazır komanda millimiz idi”

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında uğurlu çıxış edən çimərlik güləşi üzrə millimiz vətənə qayıdıb.

İki qızıl və bir gümüş medalla komanda hesabında 1-ci yeri tutan yığmamızın Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib. Komandanı Milli Olimpiya Komitəsinin və Azərbaycan Güləş Federasiyasının əməkdaşları, məşqçilər, idmançılar, valideynlər və güləşçilərin ailə üzvləri qarşılayıb. Hava limanında media nümayəndələri üçün brifinq təşkil edilib.

Oyan Nəzəriani, baş məşqçi:
“Bu il yığmamız üçün yaddaqalan il oldu. Ardıcıl uğurlu nəticələrə imza atdıqdan sonra, bu il ən möhtəbər yarışımıza — Yeniyetmələrin Yay Olimpiya Oyunlarına yola düşdük. Bu yarışda oğlanlarda 3, qızların yarışında isə 1 çəki dərəcəsində təmsil olunduq. Yekunda 2 qızıl və 1 gümüş medal qazandıq. İlk gündə Nihad Süleymanlı gümüş, ikinci gündə isə Tunar Quliyevlə Elgün Kərimli qızıl medal qazandı. Yığma komandamız həm medal ayarında, həm də xal baxımından komanda hesabında 1-ci yeri tutdu.
Bu uğurlar heç də təsadüfi deyil. Bu, sistemli şəkildə görülən işin nəticəsidir. Bir neçə ildir çimərlik güləşçilərimiz, yarışlarda iştirak edir, muntəzəm təlim-məşq toplanışları keçirilir. Bu il hətta ölkə xaricindən gələn komandalarla birgə toplanışlar da təşkil etdik. Ölkəmizdə ilk dəfə çimərlik güləşi üzrə U17 dünya çempionatı və Dünya Seriyasının mərhələsi keçirildi. Bunların hamısı səbəb oldu ki, idmançılarımız beynəlxalq yarış ab-havasını daha çox hiss etsinlər, rəqabətə uyğunlaşsınlar. Məncə, Olimpiya Oyunlarına ən hazır komanda millimiz idi. Həm psixoloji, həm də fiziki hazırlıq baxımından komandamız daha üstün idi. Günel Kərimli də medal qazanmağa çox yaxın idi. Ümid edirik ki, gələcək yarışlarda o da öz sözünü deyəcək.
Maraqlıdır ki, bir çox hallarda yarışlarımız özəl günlərə təsadüf edir. Bu il yarışımız 8 Noyabr — Zəfər Günü ilə üst-üstə düşdü. Komanda daxilində söhbət edəndə deyirdik ki, həmin gün ən azı 1 qızıl medalı xalqımıza hədiyyə edək. Şükürlər olsun ki, iki qızıl medal oldu. Bu qələbəmizi hər zaman olduğu kimi şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə həsr edirik. Yaşasın Azərbaycan!”

Elgün Kərimli, olimpiya çempionu:
“Azərbaycan xalqı üçün çox vacib bir gün olan 8 noyabr tarixinə Olimpiya çempionu kimi imzamı atdım. Özümə inanırdum, çox yaxşı hazırlanmışdım. Allaha şükürlər olsun ki, qızıl medal qismət oldu. Bu qələbəmi bizə Zəfər gününü yaşadan şəhidlərimizə və qazilərimizə həsr edirəm. Yığma komandanın məşqçiləri Oyan Nəzəriani və İbrahim Yusubova, eləcə də şəxsi məşqçim Ramal Əzimova dərin təşəkkürlərimi bildirirəm. Əziyyətimiz yerdə qalmadı. Finalda Gürcüstan azərbaycanlısı Nurəddin Mustafayevlə qarşılaşdım. Qalib gəldikdən sonra ona bayrağımızla birgə şərəf dövrəsi vurmağı təklif etdim. O da razılaşdı. Təltifetmədə himnimiz səslənəndə də əlini ürəyinin üstünə qoydu”.

Tunar Quliyev, olimpiya çempionu:
“Olimpiya çempionu olduğum üçün çox sevincliyəm. Qələbəmiz Zəfər gününə təsadüf etdi. Əsgərlərimiz, şəhidlərimiz, qazilərimiz torpaqlarımızı alıb bayrağımızı dalğalandırdı. Biz də əlimizdən gələni etdik, bayrağımızı dalğalandırdıq, himnimizi səsləndirdik. Allah əziyyətimi yerdə qoymadı. Milli komandanın məşqçilərində, Azərbaycan Güləş Federasiyasına, Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə çox təşəkkür edirəm. İnşallah, bu uğurun davamını gətirəcəyəm. Zəfər günündə bayrağımızı dalğalandırmasam, özümə gələ bilməzdim. Ona görə axıra kimi mübarizə apardım və qələbə qazandım”.

//