UWW Bakıdakı tədbiri yüksək qiymətləndirir
Avqust 12, 2026
3-8 avqust tarixlərində Bakıda “More Than Medals” düşərgəsinin 10 illik yubileyi keçirilib.
Dünya Güləş Birliyinin (UWW) bu tədbirlə bağlı yazı hazırlayıb.
Yazıda qeyd edilib ki, UWW-nin İnkişaf Departamenti tərəfindən keçirilən yubiley düşərgəsində rekord sayda – 21 ölkədən 74 idmançı və 21 məşqçi olmaqla, ümumilikdə 95 iştirakçı bir araya gəlib. Bu göstərici “More Than Medals” düşərgəsinin tarixində ən böyük iştirak sayı olub.
Proqramın 10 illik yubileyi UWW prezidenti Nenad Laloviçin təşəbbüsü ilə həyata keçirilib. Layihənin əsas məqsədi gənc güləşçilərin yalnız xalça üzərində deyil, həm də şəxsi inkişaf baxımından dəstəklənməsi, onların aidiyyət hissinin, özünəinamının və dostluq münasibətlərinin gücləndirilməsidir.
Düşərgənin fəlsəfəsinə uyğun olaraq, iştirakçılar üçün zəngin və müxtəlif proqram hazırlanıb. Təlimlər çərçivəsində güləş üzrə texniki məşğələlər, əyləncəli oyunlar, fiziki hazırlıq və güc məşqləri, çimərlik güləşi, antidopinq maarifləndirilməsi, eləcə də iqlim dəyişikliyi və ətraf mühitlə bağlı maarifləndirici tədbirlər keçirilib. Eyni zamanda, düşərgə tədbir iştirakçılarının bir-biri ilə ünsiyyət qurmasına, təcrübə mübadiləsi aparmasına və dostluq münasibətləri yaratmasına şərait yaradıb. Düşərgənin 10 illik yubileyi həftə ərzində formalaşan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə imkan verən ənənəvi Azərbaycan süfrəsi və əyləncə proqramı ilə başa çatıb.
Maarifləndirici proqram çərçivəsində olimpiya çempionları, Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov gənc idmançılarla öz karyeraları və qazandıqları təcrübə barədə fikirlərini bölüşüblər. Onlar gənc nəslin güləşə sadiq qalmasının, özlərinə inanmasının və Olimpiya arzularının arxasınca getməsinin vacibliyini vurğulayıblar.
Yunan-Roma güləşi üzrə U17 millinin böyük məşqçisi Rafiq Hüseynov düşərgənin əhəmiyyətini yüksək qiymətləndirib:
“Bu düşərgə sadəcə güləş məşqlərindən ibarət deyildi. Müxtəlif ölkələrdən olan gənc idmançıların bir-birindən öyrənməsi, dostluq münasibətləri qurması və idmanımızın əsl dəyərlərini hiss etməsi üçün böyük imkan yaratdı. İnanıram ki, bu anlar onların yaddaşında uzun illər qalacaq və təkcə güləşçi kimi deyil, həm də şəxsiyyət kimi formalaşmalarına töhfə verəcək. Güləş məhz budur – medallardan daha böyük anlam kəsb edir”.
Tunisin U17 qadın güləşi üzrə millisinin baş məşqçisi Feten Hammami düşərgənin həm peşəkar, həm də şəxsi baxımdan faydalı olduğunu qeyd edib:
“Düşərgə həm peşəkar, həm də şəxsi baxımdan əla təcrübə oldu. Müxtəlif ölkələrdən olan məşqçi və idmançılarla öyrənmək, təcrübə mübadiləsi aparmaq və ünsiyyət qurmaq imkanımız yarandı. Meksikadan Lupita və İspaniyadan Tereza ilə birgə məşğələdə iştirak etmək fikirlərimizi bölüşmək baxımından gözəl fürsət idi. Müsbət atmosferi, məşğələlərin yüksək səviyyəsini və həftə ərzində hökm sürən güclü əməkdaşlıq ruhunu yüksək qiymətləndirdim. Ümid edirəm ki, müxtəlif ölkələrdən olan məşqçi və idmançıları bir araya gətirərək öyrənməyə, təcrübə mübadiləsinə və inkişaf etməyə imkan verən belə düşərgələri gələcəkdə də davam etdirə biləcəyik”.
Meksika nümayəndə heyətinin rəhbəri Mariya Qvadalupe Bautista düşərgənin gənc idmançıların inkişafında mühüm rol oynadığını bildirib:
“Bu möhtəşəm təcrübəyə görə sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu günləri sizinlə birlikdə keçirmək, çoxsaylı dəyərli insanlarla tanış olmaq və ən əsası, idmanımıza böyük təcrübə və sevgi ilə yanaşan insanlardan öyrənmək mənim üçün böyük məmnuniyyət idi. Tədbirin təşkilində göstərdikləri böyük əməyə, bizim qayğımıza bu qədər diqqətlə qaldıqlarına və bu təcrübənin reallaşmasına verdikləri töhfəyə görə xüsusi olaraq təşəkkürümü bildirirəm. Sizinlə tanış olmaq və bu layihənin bir hissəsi olmaq həqiqətən böyük məmnuniyyət idi! Əlbəttə, Azərbaycan Güləş Federasiyasına bizi belə səmimi qarşılayaraq səfərimiz boyunca göstərdiyi yüksək səviyyəli qonaqpərvərliyə görə təşəkkür edirik. Ölkənizdən xoş xatirələr və böyük minnətdarlıq hissi ilə ayrılırıq. Uşaqlar evə çox xoşbəxt, motivasiyalı və zəngin təəssüratlarla qayıtdılar. İnanıram ki, məhz belə imkanlar onların inkişafında mühüm rol oynaya bilər. Onlar yeni mədəniyyətlə tanış olur, digər idmançılar və məşqçilərlə ünsiyyət qurur, idmana yanaşmanın fərqli üsullarını görür və ən əsası, daha böyük arzular qurmağı öyrənirlər. Bu möhtəşəm təcrübənin bir hissəsi olduğumuz üçün evə böyük minnətdarlıq və xoşbəxtlik hissi ilə qayıdırıq. Meksikanın qapıları sizin üçün hər zaman açıqdır. Ümid edirik ki, çox yaxın zamanda yenidən görüşəcəyik!”
Əlcəzair nümayəndə heyətinin üzvü Nuiqa Sofyanın təəssüratları belə olub:
“Bu düşərgədə iştirak etmək bizim üçün böyük şərəf oldu. Düşərgə yüksək səviyyədə təşkil olunmuşdu və bizə öyrənmək, təcrübə mübadiləsi aparmaq, eləcə də dünyanın müxtəlif ölkələrindən olan iştirakçılarla möhkəm dostluq əlaqələri qurmaq üçün dəyərli imkan yaratdı. UWW-yə və Azərbaycana göstərdikləri səmimi qonaqpərvərliyə, isti münasibətə və düşərgənin yüksək səviyyədə təşkilinə görə dərin təşəkkürümüzü bildiririk. Gələcək tədbirlərdə yenidən görüşməyi səbirsizliklə gözləyirik”.
Argentina nümayəndə heyətinin rəhbəri Dieqo Sebastyan Kasas güləşin müxtəlif ölkələrdən olan insanları birləşdirən mühüm vasitə olduğunu vurğulayıb:
“Burada birlikdə keçirdiyimiz bu günlərdən sonra hər bir məşqçiyə səmimi təşəkkürümü bildirmək istəyirəm. Hər bir söhbətdən, hər bir tövsiyədən və xüsusilə bilik və təcrübə mübadiləsindən çox şey öyrəndim. Bizi bayraqlardan və dillərdən daha güclü şəkildə birləşdirən amil güləşə olan eyni sevgi və daim öyrənmək istəyimizdir. Artıq evlərinə qayıdanlara böyük salamlarımı çatdırır, hələ səfərdə olanlara isə xoş yol və ailələri ilə gözəl görüş arzulayıram. Dəyərli bilik və təcrübələrinizi bizimlə bölüşdüyünüz üçün təşəkkür edirəm. Bu düşərgədən zəngin təcrübə və ən əsası, çox dəyərli insanlarla bağlı xoş təəssüratlarla ayrılıram”.
UWW-nin İnkişaf Departamentinin direktoru Deqa Niamkey düşərgənin gənc güləşçilər üçün ilhamverici olduğunu bildirib:
“Bu düşərgənin gənclərimiz və gələcək nəsil güləşçilərimiz üçün möhtəşəm və ilhamverici keçməsinə verdiyiniz töhfəyə görə hər birinizə səmimi təşəkkürümü bildirirəm! Güləşin inkişafına töhfə vermək və bu idman növünün inkişafı naminə çalışmaq mənim üçün böyük şərəfdir. Azərbaycan Güləş Federasiyasına xüsusi təşəkkürümü bildirirəm. Siz möhtəşəm ev sahibi və böyük dostsunuz”.
“More Than Medals” proqramının 10 illik yubileyinin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq güləş ailəsində mühüm tədbirlərə ev sahibliyi etməkdə davam etdiyini bir daha nümayiş etdirib. Layihə gənc güləşçilərə idman nəticələrindən əlavə, dostluq, hörmət, qarşılıqlı anlaşma və həmrəylik kimi dəyərləri aşılamağı qarşıya məqsəd qoyur.








