Ali Macarıstanda da çempion oldu

Ali Macarıstanda da çempion oldu

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri keçirilir.

Yarışın 2-ci günündə sərbəst güləş üzrə millinin 2 üzvü fəxri kürsüyə qalxıb.

Ali Tsokayev (92 kq amerikalı Dastin Plot (8:6), bəhreynli Maqomed Şaripov (2:0) və türkiyəli Fatih Altunbaşa (11:0) qalib gələrək finala vəsiqə qazanıb. Ukraynalı Muxammed Aliyev zədələndiyi üçün həlledici qarşılaşma baş tutmayıb və Ali karyerasında ilk dəfə reytinq turnirinin qalibi olub. Beləliklə, təmsilçimiz bu il qatıldığı 3-cü yarışda da bütün rəqiblərini üstələyib. Xatırladaq ki, Ali bu il həm U23 yaş qrupunda, həm də böyüklər arasında Avropa çempionu olub.

Cəbrayıl Hacıyev (79 kq) qazaxıstanlı Şamsat Tahir (2:0) və gürcüstanlı Luka Çxitunidzeyə (5:3) qalib gələrək finala yüksəlib. Cəbrayıl həlledici görüşdə monqolustanllı Suldxuu Olonbayara (0:5) məğlub olub və reytinq turnirində gümüş medal qazanıb.

Osman Nurmaqomedov (97 kq) 1/8 finalda polşalı Zbiqniev Baranovskiyə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub.

Giorgi Meşvildişvili (125 kq) polşalı Robert Baranla (3:1) amerikalı Demetrius Toması (6:2) mübarizədən kənarlaşdırsa da, zədələndiyi üçün 1/4 final görüşünə çıxmayıb.

Gültəkin Şirinova (55 kq) təsnifat mərhələsində ukraynalı Natalya Klivçutskaya 1:5 hesabıyla məğlub olub. Təsəlliverici görüşdə qazaxıstanlı Aynur Aşimovaya tam üstünlüklə (11:0) qalib gələn həmyerlimiz bürünc medal uğrunda qarşılaşmada kanadalı Karla Qonzalesə uduzub – 0:5.

//