İslamiadada iştirak edən milli komandalar vətənə qayıdıb
Noyabr 23, 2025
Ərəbistanın Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yüksək nəticələr əldə edən milli komandalarımız vətənə qayıdıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi keçirilib.
Jalə Əliyeva, İslamiadanın qalibi:
“İkinci dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi olduğum üçün çox sevincliyəm. Məni dəstəkləyən xalqıma, federasiya rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə, eləcə də Milli Olimpiya Komitəsinə təşəkkürümü bildirirəm. Hədəflərimiz böyükdür və bundan sonra daha böyük uğurlara imza atmaq üçün əlimdən gələni edəcəyəm. Bu qələbə mənim üçün xüsusi əhəmiyyət daşıyır. Bu yarışda əsas rəqibim olan türkiyəli güləşçiylə Avropa çempionatında yarımfinal görüşündə qabırğamdan aldığım zədəyə görə hakim döyüşü dayandırmışdı. Bu dəfə isə həmin qarşılaşmanın bir növ revanşı oldu. Avropa çempionatına gedərkən məqsədim çempion olmaq idi, amma qismət olmadı. İnşallah, gələn il həm Avropa, həm də Dünya çempionatında arzuladığım nəticələri əldə edəcəyəm”.
Arseniy Djioyev, İslamiadanın qalibi:
“Çox sağ ol, Azərbaycan! Sizi sevirəm! Azərbaycana qızıl medal qazandırdığım üçün böyük sevinc hissi keçirirəm. Federasiya rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə və məni dəstəkləyən hər kəsə dərin təşəkkürümü bildirirəm. Üzərimdə böyük əməyi olan məşqçilərimə minnətdaram. Onların dəstəyi sayəsində bu mötəbər yarışda uğur qazana bildim. İl ərzində keçirilən təlim-məşq toplanışları nəticəsində biz yarışlara daha hazırlıqlı gedirik və əldə olunan nəticələr də bunun bariz göstəricisidir”.
Xatırladaq ki, güləşçilərimiz İslam Oyunlarında 11 medal (2 qızıl, 5 gümüş, 4 bürünc) qazanıb.

