Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç Bakıda Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarovla görüşüb.
Görüşdə UWW-nin Büro üzvü, AGF-nin vitse-prezidenti Namiq Əliyev və UWW-nin Kommersiya Əməliyyatları və Kommunikasiyalar üzrə Direktoru Qordon Templeman da iştirak ediblər. Onlar Azərbaycanda güləşin inkişafı, qrapplinq, pankration, peşəkar MMA və UWW tərəfindən təşkil ediləcək ilk peşəkar güləş liqası haqqında müzakirə ediblər.
M.Cabbarov görüşlə bağlı bunları deyib:
“UWW-nin prezidenti Nenad Laloviçlə görüşməkdən məmnun olduq. Görüşümüzdə Azərbaycanda güləşin inkişafı istiqamətində atılan addımlar, gənc istedadların yetişdirilməsi və idmançılarımızın beynəlxalq nailiyyətlərini artırmaq məqsədilə əməkdaşlığın gücləndirilməsi məsələlərinə toxunduq. Azərbaycan Güləş Federasiyasının UWW-nin yeni yaradılan Qrapplinq, Pankration və Peşəkar MMA Komitəsinin rəhbərliyinə daxil edilməsi ölkəmizin güləş icmasına olan yüksək etimadın göstəricisidir”.
Qeyd edək ki, Azərbaycan bu il güləş üzrə Avropa Olimpiya Təsnifat turniri və U23 Avropa çempionatı ilə yanaşı, qrapplinq üzrə Avropa çempionatına da ev sahibliyi edib.
