Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub.
Son iki gündə mundialda sərbəst güləşçilər mübarizə aparıb.
Nürəddin Novruzov (61 kq) debütdə türkiyəli Ahmet Dumanla bacarmayıb – 4:14. Rəqib finala yüksəldiyi üçün güləşçimiz təsəlliverici görüşlərə çıxıb. Novruzov həm Kosta-Rika təmsilçisi Peter Kudeyə (14:4), həm də Puerto-Riko idmançısı Jozef Silvaya (17:6) tam üstünlüklə qalib gəlib. Nürəddin bürünc medal uğrunda qarşılaşmada monqolustanlı Tsoqbadrax Tseveensurenə “tuş”la uduzub və 5-ci yerlə kifayətlənib.
Kənan Heybətov (70 kq) ilk mərhələdə hindistanlı Maniş Qosvamiyə heç bir şans tanımayıb – 10:0. Ancaq 1/8 finalda rusiyalı İnalbek Şeriyevə müqavimət göstərə bilməyib – 2:13.
Orxan Abasov (79 kq) 1/16 finalda ermənistanlı Arman Avaqyanı mübarizədən kənarlaşdırıb – 4:0. Həmyerlimiz növbəti mərhələdə rusiyalı Maqomed Maqomeyevə 1:7 hesabıyla məğlub olub. Rəqibin finala çıxması Abasov üçün şans yaratsa da, Orxan təsəlliverici görüşdə monqolustanlı Suldxuu Olonbayarla gərgin mübarizədən də məyus ayrılıb – 4:5.
Abubakr Abakarov (92 kq) təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi Recep Haydaridən güclü olub – 0:10. Ancaq Abakarov ardıcıl 2 titullu rəqiblə görüşdə qələbə arzusunu gerçəkləşdirə bilməyib. Abubakr 1/8 finalda rusiyalı Abdulrəşid Sadullayevə, təsəlliverici görüşdə isə amerikalı Deyvid Teylora eyni hesabla (1:3) məğlub olub.