Əsgərxan Novruzov: “Bundan sonra daha yüksək keyfiyyətli güləşçilər qazanacağıq”

Sərbəst güləş üzrə U-17 milli komandanın böyük məşqçisi Əsgərxan Novruzov Azərbaycan Güləş Federasiyasının saytına müsahibə verib:

– U-17 yaş qrupunda Avropa və dünya çempionatı geridə qaldı. Mövsümü necə dəyərləndirirsiniz?

– Əvvəlki illərdə olduğu kimi, Azərbaycan çempionatını keçirib, milli komandanın heyətini formalaşdırdıq. Çalışdıq ki, Avropa və dünya çempionatında yüksək nəticələr göstərək. İlboyu vitaminlərlə və təlim-məşq toplanışları ilə təmin olunduq. Bu baxımdan heç bir problemimiz olmayıb. Hətta deyərdim ki, bu il ən yaxşı hazırlıq keçdiyimiz illərdən biri oldu. Bunun bəhrəsini Avropa çempionatında gördük. İki qızıl, iki gümüş və iki bürünc medal qazanıb, komanda hesabında çempion olduq. 4 idmançımız isə medalın bir addımlığında dayandı. Onlar da komandaya xallar verdi və yüksək xalla qitə 1-cisi olduq. Komanda hesabında dünya çempionu olmamışıq. Bu il bu hədəfə çatmaq istəyirdik. Komandanın durumu da yaxşı idi. Ammanda keçirilən yarışda 1 gümüş və 3 bürünc medal qazandıq. Dünya çempionatı çox ağır keçir. Sərbəst güləşdə rəqabət çox artıb. Bu səbəbdən qızıl medal gözlədiyimiz idmançılar çempion ola bilmədi. Hazırlıq yüksək səviyyədə keçmişdi. Çalışacağıq ki, gələn il hədəfimizə çataq.

– Bu yarışlardakı çıxışına görə hansı güləşçiləri fərqləndirə bilərsiniz?

– 45 kq-da Fəqan Fətiyev Avropa çempionatında medalın bir addımlığında dayandı. Bu çəkidə onunla eyni səviyyədə güləşən Rəvan Həsənzadə dünya çempionatında çox gözəl çıxış etdi və üçüncü yerə çıxdı. İsa Yusibov (65 kq) komandanın liderlərindən biri idi. Bu il gözəl güləş sərgiləyərək Avropa çempionu oldu. Təəssüf ki, dünya çempionatında ilk görüşdə Qazaxıstan güləşçisinə məğlub oldu. Hüseyn Hüseynovdan (55 kq) da uğurlu nəticə gözləyirdik. Stabil çıxış etdi. Həm Avropa, həm də dünya çempionatında bürünc medal qazandı. Hüseyn İsmayılov (60 kq) ümidləri doğrultdu. Hər iki yarışda gümüş medal əldə etdi. Məhəmməd Abbaszadə (80 kq) yaxşı güləşsə də, hər iki yarışda medalın bir addımlığında dayandı.

– Dünyada sərbəst güləşdə artan rəqabətlə ayaqlaşmaq üçün hansı addımlar atılmalıdır?

– Bildiyiniz kimi, son 2-3 ildə regionlarda güləşin inkişafına daha çox diqqət ayrılır ki, bu da çox önəmlidir. Mərdəkanda yerləşən Gimnaziyada təhsil alan güləşçilərin bir neçə ildən sonra rəqabətədavamlı olacaq. Klub və cəmiyyətlər daha da aktiv fəaliyyət göstərməlidir ki, kütləvilik yaransın. Bundan sonra daha yüksək keyfiyyətli güləşçilər qazanacağıq. Hər halda, dayanmırıq, iş gedir. İnanıram ki, biz də rəqabətdən üzüağ çıxıb, sözümüzü deyəcəyik.

– Gələn ildən U-20 yaş kateqoriyasında güləşəcək idmançılardan kimin perspektivini yüksək qiymətləndirirsiniz?

– Muhəmməd İsmayılov (51 kq) bu il Avropa çempionu oldu. Dünya çempionatına da yaxşı başlamışdı. Asiya çempionu olmuş İran güləşçisinə qalib gəldi. Ancaq həmin görüşdə çox güc sərf etdiyi üçün növbəti mərhələdə Qırğızıstan güləşçisinə məğlub oldu. İnanıram ki, o, Hüseyn Hüseynov və ən ağır çəkidə Avropa ikincisi, dünya üçüncüsü ünvanını qazanan Muxamad Qantemirov gənclər kateqoriyasında da sözünü deyəcək.

– U-15 Avropa çempionatında komanda hesabında 1-ci yeri tutan millimizin bir neçə üzvü isə gələn il sizin sərəncamınıza keçəcək. Həmin komandadan kimləri fərqləndirmək olar?

– U-15 Avropa çempionatından sonra həmin yarışda medal qazanan güləşçiləri təlim-məşq toplanışlarımıza cəlb etmişdim. Avropa çempionu İbrahim Həsənovun hələ 14 yaşı var. O, daha bir il U-15 yaş qrupunda güləşə bilər. Rəşid Nazarov, Raul Məmmədoğlu, Həsən Həsənov, Nihad Süleymanlı kimi güləşçilərin komandamıza güc qatacağını düşünürəm.

– Oktyabrın 24-dən 30-dək Bəhreyndə keçiriləcək Gimnaziada haqqında nə deyə bilərsiniz?

– Dünya çempionatında iştirak edərkən öyrəndik ki, bu yarışda da ölkəmizi təmsil edəcəyik. Adından da məlum olduğu kimi, bütün dünyanın məktəbli idmançıları Gimnaziadaya qatılacaq. Ona görə də güclü rəqabətli yarış olacağını düşünürəm. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, qızıl, gümüş və bürünc medallarımız olsun.

Team Ranking FS – Gold: Azerbaijan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir