Bu gün Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyaya media tur təşkil edilib.
Azərbaycan Güləş Federasiyasının təşəbbüsüylə keçirilən tədbirdə KİV nümayəndələri Gimnaziyada həm təhsil alan, həm də idmançı keyfiyyətlərini artıran yeniyetmə və gənc güləşçilər üçün yaradılmış şəraitlə tanış olub.
Gimnaziyanın direktoru Tural Mirzəliyev təhsil ocağı haqqında ümumi məlumat verib:
“Bu təhsil ocağı 1960-cı ildən fəaliyyət göstərir. Ancaq əvvəlcə başqa statusa malik olub. 2014-cü ildən Xarici Dillər Gimnaziya kimi fəaliyyətini davam etdirir. Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edildikdən sonra 2021-ci ildən yenidən istifadə verilib. Artıq 5 ildir ki, Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş imtahan vasitəsilə şagird qəbulu həyata keçirilir. Respublikanın müxtəlif yerlərindən 813 şagird Gimnaziyamızda təhsil alır. Onların 77-si güləşçidir. 5-ci sinifdən 11-ci sinifə qədər olan güləşçilər müxtəlif sinif komplektlərində təhsil alır. Onlar da ölkənin müxtəlif bölgələrindən Gimnaziyaya cəlb edilib”.
Media nümayəndələri sərbəst güləşçilərin məşqini izlədikdən sonra bu növ üzrə U-17 milli komandanın böyük məşqçisi Əsgərxan Novruzov brifinqdə Gimnaziyanın ölkə güləşinin inkişafına böyük töhfə verəcəyini bildirib:
“2023/24 təhsil ilinin ikinci yarısından burada güləşçilər təhsil alır. Avqust ayında yenidən seçimlər etdik. Hal-hazırda 44 sərbəst güləşçi Gimnaziyada yerləşdirilib. Bunu hətta güləş akademiyası da adlandırmaq olar. Bu layihəni federasiyamızın inkişaf üçün atdığı ən yaxşı addımlarından biridir. Gələcəkdə bunun bəhrəsini görəcəyik. Bu il əsasən 5-7-ci siniflər üzrə seçim etdik. Sırf perspektiv vəd edən uşaqları seçmişik. Burada yemək və yataq şəraiti çox yüksək səviyyədə təşkil edilib. Böyüklərdən ibarət komandamız hansı səviyyədə qidalanırsa, burada da eyni qida rasionundan istifadə edilir”.
Daha sonra media nümayəndələri güləşçilərin yerləşdirildiyi yataqxana ilə tanış olub. Qeyd edilib ki, burada yataq, tədris, istirahət otaqları, camaşırxana, sanitar qovşağı, yeməkxana və tibb məntəqəsi mövcuddur. Gimnaziyada güləş bölməsində 4 məşqçi, 3 nəzarətçi, 5 tərbiyəçi, psixoloq, həkim və tibb bacısı fəaliyyət göstərir. Güləş zalı inventarla tam təmin edilib. Ümumilikdə burada güləşin inkişaf etdirilməsi üçün tələb olunan şərait yaradılıb.
Sərbəst güləşçilərin ardınca yunan-Roma güləşçiləri məşq edib. Bu növ üzrə U-17 milli komandanın böyük məşqçisi Taleh İsrafilov jurnalistlərə açıqlamasında bunları deyib:
“Gimnaziyada güləşin ilk addımlarıdır. Yunan-Roma güləşində artıq Gimnaziyanın yetirmələrindən biri uğur qazanıb. Hüseyn Vəlizadə məhz burada təhsil almağa başlayandan sonra U-15 Azərbaycan çempionatının qalibi olub və Avropa çempionatında bürünc medal əldə edib. Burada hər şey yüksək səviyyədə qurulub. Azərbaycan güləşinin inkişafına böyük töhfə verəcək. Belə davam etsə, Gimnaziyada gələcəyin olimpiya medalçıları yetişəcək. Xarici Dillər Təmayüllü olduğu üçün Gimnaziyada təhsil alan güləşçilər xarici dil biliyini də inkişaf etdirmək imkanı qazanır. Bu da yarışlarda onların köməyinə çatır. İstər müsahibə, istərsə də hakimlərlə ünsiyyət zamanı xarici dil biliyi vacibdir”.




















