Avqustun 19-dan 25-dək İordaniyanın Amman şəhərində güləş üzrə U-17 dünya çempionatı keçiriləcək.
Cari ilin ilk mundialında 576 yeniyetmənin iştirakı gözlənilir.
Çempionatın ilk günlərində yunan-Roma güləşi üzrə yarışa start veriləcək. Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında Şahid Nəbiyev (45 kq), Əmrah Əmrahov (48 kq), Turan Daşdəmirov (51 kq), Əli Nəzərov (55 kq), Ayxan Cavadov (60 kq), Emil Abdullayev (65 kq), Yusif Əhmədli (71 kq), Orxan Hacıyev (80 kq), Səid Paşayev (92 kq) və Abdullah Həsənov (110 kq) uğur qazanmağa çalışacaq.
Daha sonra böyük məşqçi Rövşən Umudov və məşqçi Həsrət Məmmədyarovun yetirmələri mübarizəyə qoşulacaq. Qızlardan ibarət komandada Nəzrin Əhmədli (40 kq), Esra Məmmədli (49 kq), Fatimə Bayramova (53 kq), Fidan Babayeva (57 kq), Günay Qurbanova (61 kq) və Zəhra Kərimzadə (69 kq) yer alıb.
DÇ-nin son günlərində sərbəst güləşçilər xalçaya çıxacaq. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (45 kq), Hacıhüseyn Əhmədzadə (48 kq), Muhəmməd İsmayılov (51 kq), Hüseyn Hüseynov (55 kq), Hüseyn İsmayılov (60 kq), İsa Yusibov (65 kq), Nihad Abasov (71 kq), Məhəmməd Abbaszadə (80 kq), Fərhad Süleymanlı (92 kq) və Muxamad Qantemirov (110 kq) ölkəmizi təmsil edəcək.
Görüşlər hər gün Bakı vaxtı ilə 09:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 17:00-da start götürəcək.
Dünya çempionatında I dərəcəli hakimlərimizdən Tural Əliyev və Həbib Nurulu ədaləti qoruyacaq.