Olimpiya Oyunlarında güləş yarışları davam edir.
Bu gün son 2 sərbəst güləşçimiz mübarizəyə qoşulub.
Üçüncü dəfə Olimpiadada iştirak edən Hacı Əliyev (65 kq) meksikalı Austin Qomesə 7:0 hesabıyla qalib gəlib. Ancaq titullu güləşçimiz 1/4 finalda bu çəkinin son dünya çempionu İsmayıl Musukayevə məğlub olub – 3:10.
Maqomedxan Maqomedov (97 kq) debütdə dominikanlı Luis Peresə heç bir şans tanımayıb – 9:0. Milli üzvü 1/4 finalda isə polşalı Zbiqniev Baranovski üzərində inamlı qələbə qazanıb – 7:2. Maqomedov yarımfinalda prinsipial rəqibi olan Givi Matçaraşviliylə qarşılaşıb. Gürcüstan güləşçisinə 0:5 hesabıyla məğlub olan Maqomedxan sabah bürünc medal uğrunda güləşəcək. Rəqib Nikolas De Lang (Cənubi Afrika) – Murazi Mçelidze (Ukrayna) görüşünün qalibi olacaq.