Olimpiya Oyunlarında güləş yarışları davam edir.
Bu gün daha 2 yunan-Roma güləşçimiz mübarizəyə başlayıb.
Yunan-Roma güləşində Sənan Süleymanov (77 kq) 1/8 finalda bolqarıstanlı Aik Mnatsakanya qarşılaşıb. Hər iki hissədə aktiv güləşdiyi üçün xal alan həmyerlimiz sol ayağındakı ciddi zədəyə baxmayaraq, 2:0 hesablı qələbə qazanıb. Süleymanov 1/4 finalda bu çəkinin favoritlərindən sayılan Joltan Levayla üz-üzə gəlib. Sonuncu xal prinsipinə əsasən (1:1) güclü rəqibini üstələyən Sənan yarımfinalda qazaxıstanlı Demeu Jadrayevlə qarşılaşıb. Rəqibinə 1:6 hesabıyla məğlub olan Süleymanov sabah bürünc medal uğrunda güləşəcək. Rəqib Aleksis Munyos (Kolumbiya) – Akjol Mahmudov (Qırğızıstan) görüşünün qalibi olacaq.
Olimpiadada 5-ci dəfə iştirak etməklə Azərbaycan idmanında ilkə imza atan Mariya Stadnik 1/8 finalda almaniyalı Anastasiya Blayvasa qalib gəlib – 6:2. Növbəti mərhələdə monqolustanlı Otqonjarqal Dolqorjovla qarşılaşan titullu güləşçimiz 3:0 hesablı üstünlüyü əldən verib. Yekunda Stadnik xalların keyfiyyətinə görə (4:4) xalçanı məğlub tərk edib.
Günün sonunda Sabah Şəriəti (130 kq) bürünc medal uğrunda iranlı Amin Mirzəzadə ilə qarşılaşıb. Son dünya çempionuna 0:4 hesabıyla məğlub olan Şəriəti Olimpiya Oyunlarının 5-ci pillədə başa vurub. Bu görüşlə Sabah karyerasını başa vurub.