Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatı start götürüb.
Bu gün 55, 63, 77, 87 və 130 kq-da yer alan yunan-Roma güləşçiləri xalçaya çıxıb.
Rahim Həsənov (55 kq) startda gürcüstanlı Luka Cavaxadzeni minimal hesabla üstələyib – 2:1. Milli üzvü 1/8 finalda almaniyalı Mark Vaqnerə tam üstünlüklə (9:0) qalib gəlib. Həsənov ermənistanlı Armen Gevorqyanı da 3:2 hesablı qələbəylə xalçadan məyus yola salaraq yarımfinala yüksəlib. Rahim yarımfinalda rusiyalı Papik Cavadyana “tuş”la məğlub olduğu üçün ümidini bürünc medala bağlayıb. O, üçüncü yer uğrunda Atte Suhonen (Finlandiya) – Servan Çinar (Türkiyə) görüşünün qalibiylə mübarizə aparacaq.
Məhəmməd Şükürzadə (63 kq) moldovalı Pavel Denisenkoya (8:0), norveçli Bers Timirbiyevə (9:0) və isveçli Uilyam Ekerota (9:0) tam üstünlüklə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Məhəmməd yarımfinalda bu yaş qrupunda ötən il Avropa çempionu olmuş gürcüstanlı Anri Xozrevanidzeyə 1:3 hesabıyla məğlub olub. Şükürzadə bürünc medal uğrunda Deyan Berkeç (Serbiya) – İlian Aynau (Fransa) görüşünün qalibiylə güləşəcək.
Davud Məmmədov (77 kq) təsnifat mərhələsində estoniyalı Rayner Plaseri (8:0), 1/8 finalda isə finlandiyalı Miro Leynoneni (3:1) mübarizədən kənarlaşdırıb. Həmyerlimiz 1/4 finalda macarıstanlı Levente Levaya məğlub olub – 4:6. Rəqib finala yüksəldiyi üçün Məmmədov təsəlliverici görüşdə rusiyalı Qamzat Qadjiyevlə qarşılaşacaq.
Əli Quliyev (87 kq) 1/8 finalda serbiyalı Andriya Mixayloviçə sonuncu xal prinsipinə əsasən (1:1) uduzub.
Məzaim Mərdanov (110 kq) da eyni mərhələdə gürcüstanlı Saba Çilaşviliyə sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub. Rəqib finala yüksəldiyi üçün Mərdanov təsəlliverici görüşdə bolqarıstanlı Alan Cabiyevlə üz-üzə gələcək.