İki sərbəst güləşçimiz Avropa çempionatının finalında

Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq-da yer alan sərbəst güləşçilər xalçaya çıxıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Hacıhüseyn Əhmədzadə (48 kq) ukraynalı Orest Petranyuka 12:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında türkiyəli Eren Yalçınla bacarmayıb – 0:6. Əhmədzadə bürünc medal görüşündə belaruslu Vladislav Lisitsayla qarşılaşacaq.

Hüseyn Hüseynov (55 kq) 1/8 finalda rusiyalı Baysanqur Osmayevə 4:8 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Hüseyn təsəlliverici görüşdə moldovalı Viktor Vdoviylə qarşılaşacaq.

İsa Yusibov (65 kq) ispaniyanlı Manuel Ferrusolaya (10:0) və türkiyəli Koray Ekenə (15:5) vaxtından əvvəl qalib gəlib. Yarımfinalda gürcüstanlı Rati Revazaşvilini 10:4 hesabıyla üstələyən Yusibov finala yüksəlib. İsa finalda rusiyalı Yasin Bersanukayevlə güləşəcək.

Məhəmməd Abbaszadə (80 kq) ispaniyanlı Stepan Yordanova tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Aldat Kesayevə uduzub – 1:9. Abbaszadə təsəlliverici görüşdə macarıstanlı Levente Şikşayla üz-üzə gələcək.

Muxamad Qantemirov (110 kq) debütdə ermənistanlı Andranik Jaqetyana tam üstünlüklə (10:0) qalib gəlib. O, daha sonra gürcüstanlı Gigiya Lukunidze (4:1) və türkiyəli Uğur İrtegündən (8:7) güclü olaraq adını finala yazdırıb. Qantemirov həlledici görüşdə rusiyalı Movsar Saydulayevlə qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir