Yunanıstanın Lutraki şəhərində keçirilən Avropa çempionatında 158 xal toplayaraq komanda hesabında çempion olan U-15 yunan-Roma güləşi millimiz vətənə qayıdıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda yığmamızı Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, idmançılar və KİV nümayəndələri qarşılayıb.
Böyük məşqçi Əbilfət Məmmədov komandanın uğurlu çıxışını belə şərh edib:
“Iki il əvvəl də komanda hesabında Avropa çempionu olmuşduq. Ötən il çempion olan Gürcüstandan cəmi 3 xal geri qalmışdıq. Bu il bizdən başqa 100 xal həddini keçən olmadı. İkinci yeri tutan Ukraynanı 66 xal qabaqladıq. Şükür Allaha. Bütün bunlar ilboyu Azərbaycan Güləş Federasiyasının bizə göstərdiyi diqqət və qayğının, təşkil edilən təlim-məşq toplanışlarının nəticəsidir. Zəhmətimiz yerdə qalmadı. Komandanın lideri Nihat Məhərrəmov zədələnməsəydi, o da Avropa çempionu olacaqdı. Bu gün gözəl fundament qoyuldu. Bu uşaqlar gələcəkdə böyüklər arasında Olimpiadada, dünya və Avropa çempionatında da medal qazana bilər”.
Daha sonra Avropa çempionu Qurban Məcnunov təəssüratlarını bölüşüb:
“Valideynlərimə və yığmanın məşqçilərinə təşəkkür edirəm. Üzərimdə əziyyətləri olub. Onların zəhmətini yerə vurmadım. Çox yaxşı yarış idi. Güclü rəqiblərə qalib gələrək çempion oldum”.
Sonda xatirə şəkli çəkdirilib.