Rekordlarla zəngin Avropa çempionatı

Ölkəmiz dəfələrlə nüfuzlu güləş yarışlarına ev sahibliyi edib.

Avropa çempionatı (2002, 2010), dünya çempionatı (2007), Dünya Kuboku (2004, 2012, 2022), U-17 dünya çempionatı (2012) və başqa beynəlxalq güləş turnirləri paytaxtımızda uğurla təşkil olunub.

Son 2 ayda isə qitənin ən güclü güləşçiləri 2 dəfə Bakıya gəldi. 5-7 apreldə Milli Gimnastika Arenasında Avropa Olimpiya Təsnifat turniri, 20-26 mayda isə Bakı İdman Sarayında U-23 Avropa çempionatı keçirildi.

Sonuncu yarış cari ildə sayca 3-cü qitə birinciliyi oldu. Fevralda böyüklər arasında Avropa çempionatı keçirildi. Mayda isə ardıcıl olaraq U-15 və U-23 yaş qrupunda analoji yarışlar baş tutdu. Sevindirici haldır ki, son 2 yarışda komanda hesabında 4 çempionluq qazandıq. Yunanıstanın Lutraki şəhərində təşkil olunan U-15 Avropa çempionatında sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz komanda hesabında 1-ci yeri tutdu. İki komandanın eyni vaxtda Avropa çempionu olması bu yaş qrupunda Azərbaycan güləşində ilk idi.

Növbəti ilklərə “doğma divarlar” şahidlik etdi. Lutrakidə olduğu kimi, Bakıda da hər iki növdə komanda hesabında çempion olduq. U-23 Avropa çempionatlarında ilk dəfə bir yarışda 2 komanda çempionluğunu əldə etdik. Bu yerdə cəmi 6 nəfərdən ibarət heyətlə ilk dəfə bu yaş qrupunda “3-lüy”ə yüksələn qadınlardan ibarət millimizin tarixi uğurunu mütləq qeyd etməliyik. Yunan-Roma güləşi üzrə yığmamızın tutduğu yer, topladığı xal, medalların sayı və əyarı daxil olmaqla, birdən-birə özünün 4 rekordunu yeniləməsi də nəzərəçarpan faktdır.

Beləliklə, güləşçilərimiz yerli publika qarşısında 5 qızıl, 4 gümüş və 7 bürünc medal qazandı. Əldə edilən 16 medalla iki il əvvəlki rekord təkrarlandı. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə Bolqarıstanın Plovdiv şəhərində keçirilən analoji yarışda Rusiya və Belarus güləşçiləri iştirak etməmişdi.

Neytral atletlərin komanda nəticələri nəzərə alınmadığı üçün güləşin 3 növündə qazanılan medalların əyarına görə Azərbaycan birinci yeri tutdu. Ukrayna (4 qızıl, 4 gümüş, 3 bürünc) ikinci, Gürcüstan (2 qızıl, 2 gümüş, 6 bürünc) isə üçüncü oldu. Medalların sayına görə isə ölkəmiz Türkiyə ilə zirvəni bölüşdü.

Xatırladaq ki, U-23 Avropa çempionatında Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq), Jalə Əliyeva (57 kq) və Cəbrayıl Qadjiyev (74 kq) qızıl, Nihad Quluzadə (60 kq), Elnurə Məmmədova (53 kq), Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq), Murad Əhmədiyev (97 kq), Ruzanna Məmmədova (59 kq), Nürəddin Novruzov (61 kq) və Arseniy Djioyev (86 kq) isə bürünc medal qazandı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir