Daha iki güləşçimiz Avropa çempionatının finalında

Güləş üzrə U-23 Avropa çempionatı davam edir.

İkinci yarış günündə 60, 67, 72, 82 və 97 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Xalçaya çıxan 5 güləşçimizdən ikisi finala yüksəlib. Daha ikisi isə bürünc medal uğrunda mübarizə aparacaq.

60 kq

Nihad Quluzadə polşalı Oliver Şkripçak (9:0) və belaruslu Yanis Vitarova (8:0) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Həmyerlimiz rusiyalı Dinislam Bammatovu da 9:4 hesabıyla yenərək adını finala yazdırıb. Quluzadə həlledici görüşdə türkiyəli Mert İlbarsla qarşılaşacaq.

67 kq

Fəraim Mustafayev litvalı Adomas Qriqaliunasa tam üstünlüklə (9:1) qalib gəlsə də, 1/4 finalda ukraynalı Oleq Xəlilovla bacarmayıb – 1:9.

72 kq

Ruslan Nurullayev isveçrəli Mixael Portman (2:1) və rusiyalı Dmitri Adamovdan (6:3) güclü olub. Yarımfinalda gürcüstanlı Georgi Çixikvadzeyə 4:5 hesabıyla məğlub olan Nurullayev sabah bürünc medal uğrunda güləşəcək.

82 kq

Qurban Qurbanov yunanıstanlı Evangelos Bukisə tam üstünlüklə (8:0) qalib gəldikdən sonra fransalı Vladimeri Karçeidzeni (5:0) xalçadan məyus yola salıb. Qurbanov yarımfinalda italiyalı Leon Rivaltaya (8:0) da heç bir şans tanımayıb. Qurban finalda İslam Əliyevlə üz-üzə gələcək.

97 kq

Murad Əhmədiyev təsnifat mərhələsində belaruslu Abubakar Xaslaxanova 1:7 hesabıyla məğlub olub. Xaslaxanov finala yüksəlib və rusiyalı Maqomed Murazaliyevə qızıl medal uğrunda mübarizə aparacaq. Əhmədiyev isə təsəlliverici görüşdə estoniyalı Riçard Karelsonla güləşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir