Yunanıstanın Lutraki şəhərində güləş üzrə U-15 Avropa çempionatına start verilib.
Böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyevlə Xəqan Süleymanovun rəhbərliyi altında qitə birinciliyinə tam heyətlə yollanan sərbəst güləş millimiz uğurlu çıxış edib.
Komandamız 1 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb. İbrahim Həsənov (41 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Rəşid Nazarov (52 kq), Ruslan Vəliyev (62 kq) və Nihad Süleymanlı (75 kq) ikinci, Musa Tağıyev (38 kq), Abbas Şəfiyev (44 kq), Ramal Məmmədoğlu (52 kq) və Asim Əliyev (57 kq) üçüncü yeri tutub.
Yekunda 140 xal toplayan millimiz ən yaxın izləyicisini 31 xal qabaqlayaraq komanda hesabında Avropa çempionu olub. Beləliklə, U-15 Avropa çempionatları tarixində ilk dəfə sərbəst güləş üzrə millimiz komanda hesabında 1-ci yeri tutub. Gürcüstan (109) ikinci, Türkiyə (104) isə üçüncü olub.