Bakı ilk dəfə güləş üzrə U-23 Avropa çempionatına ev sahibliyi edəcək.
2022-ci ildə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin qəbul etdiyi qərara əsasən, bu yaş qrupu üzrə qitə birinciliyi ölkəmizdə keçiriləcək.
32 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarış mayın 20-dən 26-dək Bakı İdman Sarayında təşkil ediləcək.
Proqrama əsasən, çempionata yunan-Roma güləşçiləri start verəcək. Onlar estafeti qadın güləşçilərə ötürəcək. Yarışa sərbəst güləşçilər yekun vuracaq. Görüşlər hər gün saat 10:30-da start götürəcək. Avropa çempionatının təntənəli açılış mərasimi mayın 20-də saat 17:00-da başlayacaq.
Qeyd edək ki, yaxın günlərdə biletlər “İticket” şirkəti vasitəsi ilə satışa çıxarılacaq.