Türkiyənin İstanbul şəhərində güləş üzrə Dünya Olimpiya Təsnifat turniri davam edir.
Yunan-Roma güləşçilərinin ardınca qadın güləşçilər də lisenziyaların sahibini müəyyənləşdiriblər.
Mariya Stadnik (50 kq) mübarizəyə 1/8 finaldan başlayıb. Titullu güləşçimiz Çin Taypeyi təmsilçisi Menq Hsieh və belaruslu Viyaleta Xirikə 11:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ancaq olimpiya lisenziyasının bir addımlığında Son Kimə (Şimali Koreya) məğlub olub – 3:10. Bununla belə Mariya lisenziya uğrunda mübarizəni davam etdirib. Bürünc medal uğrunda görüşdə bolqarıstanlı Miqlena Selişkaya heç bir şans tanımayıb – 10:0. Həlledici qarşılaşmada digər bürünc medalçı – italiyalı Emanula Liuzziyə də eyni hesabla qalib gələn Stadnik 5-ci dəfə Olimpiadada iştirak hüququ qazanmaqla Azərbaycan idmanında və dünya qadın güləşində rekorda imza atıb.
Gültəkin Şirinova (53 kq) debütdə kubalı Laura Avilayla bacarmayıb – 8:18.
Alyona Kolesnik (57 kq) təsnifat mərhələsində macarıstanlı Ramona Qalambosa uduzub – 1:4.
Ruzanna Məmmədova (62 kq) startda latviyalı Anastasiya Qriqoryevaya “tuş”la qalib gəlsə də, 1/8 finalda çinli Jia Lonqa məğlub olub – 1:7.
Elis Manolova (68 kq) ilk mərhələdə kolumbiyalı Nikol Osorioya uduzub – 2:10.