Avropa Olimpiya Təsnifat turnirində 14 güləşçimiz çıxış edəcək

Aprelin 5-dən 7-dək Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə Olimpiya Təsnifat turnirində ölkəmizi 14 güləşçi təmsil edəcək.

Aprelin 5-də yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Millinin 4 üzvü – Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) ilk yarış günündə Olimpiadaya lisenziya qazanmağa çalışacaq.

Növbəti gün qadın güləşi üzrə millinin 5 üzvü xalça üzərinə çıxacaq. Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) ölkəmizi bu növdə təmsil edəcək.

Son yarış günündə estafet sərbəst güləşçilərə keçəcək. Millinin 5 üzvü – Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Georgi Meşvildişvili (125 kq) “doğma divarlar” arasında azarkeşləri sevindirməyə çalışacaq.

Xatırladaq ki, Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə 2 güləşçi Paris-2024-ə vəsiqə qazanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir