Sərbəst güləşçilər AÇ-yə 1 gümüş və 2 bürünc medalla başladı

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Sərbəst güləş üzrə millimiz qitə birinciliyinə 1 gümüş və 2 bürünc medalla start verib.

İslam Bazarqanov (57 kq) belaruslu Aryan Tsiutrinə 6:4 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Almaniyalı dünya və Avropa üçüncüsü Horst Leri də tam üstünlüklə (10:0) yolundan kənarlaşdıran Bazarqanov yarımfinalda ermənistanlı Arsen Harutyunyana (0:10) məğlub olub. İslam bürünc medal uğrunda görüşdə ukraynalı Kamil Kərimova 10:8 hesabıyla qalib gələrək karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionatında fəxri kürsüyə qalxıb.

Əli Rəhimzadə (65 kq) belaruslu İslam Hüseynova (7:4) və ukraynalı Erik Aruşanyana (3:0) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında albaniyalı İslam Dudayevə 1:3 hesabıyla uduzan Əli üçüncü yer uğrunda mübarizədə fransalı Xamzat Arsamerzoyevdən güclü olub – 4:0. Beləliklə, Astara güləş məktəbinin yetirməsində 3-cü dəfə Avropa çempionatının bürünc medalına sahib çıxıb.

Kənan Heybətov (70 kq) debütdə rumıniyalı George Bukuru mübarizədən kənarlaşdırıb – 5:1. Heybətov rusiyalı Avropa çempionu İsrail Kasumovdan da güclü olub – 4:3. Gənc güləşçimiz 1/4 finalda bolqarıstanlı dünya üçüncüsü və Avropa ikincisi Ramazan Ramazanovla bacarmayıb – 5:9.

Orxan Abasov (79 kq) 1/8 finalda Dünya Güləş Birliyini təmsil edən İman Mahdaviyə 9:6 hesabıyla qalib gəlsə də, 1/4 finalda italiyalı dünya və Avropa çempionu, olimpiya medalçısı Frank Çamizoyla gərgin mübarizə şəraitində keçən qarşılaşmada minimal fərqlə uduzub – 5:6.

Maqomedxan Maqomedov (97 kq) rumıniyalı Georgian Tripon (9:1) və slovakiyalı Batirbek Tçakulova (13:2) heç bir şans tanımayıb. Avropa çempionu daha öncə dəfələrlə məğlub etdiyi macarıstanlı Vladislav Baytsayevlə üz-üzə gəlib. Qələbə seriyasını davam etdirən (7:2) Maqomedov 3-cü dəfə Avropa çempionatının finalına yüksəlib. Maqomedxan həlledici görüşdə ötən il finalda məğlub olduğu Givi Matçaraşviliylə qarşılaşıb. Bu dəfə də rəqibinə (1:7) uduzan təmsilçimiz növbəti dəfə qitə birinciliyini gümüş medalla başa vurub.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir